COP29-la bağlı ÇİRKİN KAMPANİYA – Azərbaycanın ev sahibliyinə kimlər kölgə salmaq istəyir? – VİDEO

Hazırda oxunan: COP29-la bağlı ÇİRKİN KAMPANİYA – Azərbaycanın ev sahibliyinə kimlər kölgə salmaq istəyir? – VİDEO

218924

Azərbaycan daha bir mötəbər tədbirə - COP29-a uğurla ev sahibliyi etməyə hazırlaşır. Nəzərə alaq ki, bu tədbir öz mahiyyətinə və iştirakçı sayına görə digər beynəlxalq tədbirlərdən tamamilə fərqlənir. Çünki COP29-a ev sahibliyi etmək  iqtisadi və siyasi güc deməkdir. Hətta Avropanın və dünyanın orta səviyyəli ölkələri üçün də bu məsələ hələ də arzu olaraq qalır.

Ona görə də noyabrın 11-də Bakıda start götürəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) dünya gündəmini məşğul edən əsas məsələlərdən biridir. 10 gün ərzində dünya liderləri, hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, QHT-lər Bakıda bir araya gələrək qlobal iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə edəcək, həm də bu sahə üzrə perspektivlər müəyyən olunacaq.

Azərbaycanın uğurları kimləri narahat edir?
 

MÖVZU İLƏ BAĞLI:

COP29 əleyhinə "X"-da saxta profillərdən koordinasiya olunmuş kampaniya aparılır - BİRGƏ MƏLUMAT - VİDEO


Təbii ki, COP29 Azərbaycanın regional gücdən beynəlxalq aktora çevrilməsi yolunda böyük addım olacaq. Lakin ölkəmizin davamlı uğurları və artan gücü bir çox xarici qüvvələri çox ciddi şəkildə narahat edir. Təsadüfi deyil ki, həmin qüvvələr artıq xeyli vaxtdır ki, Azərbaycana qarşı çirkin kampaniyaya başlayıb.

Müxtəlif sosial şəbəkələr, xüsusən də “X” sosial media platforması üzərindən ölkəmizə qarşı davamlı kampaniya aparılır. Qeyd edək ki, COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları artıq öz təsdiqini tapıb.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə açıqlamasında qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.

Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.


Məsələdə “erməni barmağı”

Apardığımız araşdırmalar nəticəsində aydın olub ki, kampaniyalar əsasən bir neçə mərkəzdən idarə olunur. Onlardan biri Amerika ermənilərinin cəmiyyəti - ANCA-dır. Amerikalı ermənilər heç vaxt ölkəmizə qarşı qara piar aparmaqdan yorulmayıblar. Bu dəfə də təşkilat öz ampluasındadır. Azərbaycanın növbəti uğura imza atmasını əngəlləmək üçün təşkilat dəridən qabıqdan çıxır. Xüsusən də, saxta profillər üzərində bədnam çağırışlar edilir. Hədəf isə ölkəmizə gəlmək istəyən qonaqları fikirlərindən daşındırmaq və Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırmaqdır.
 

Bu çirkin kampaniyanın daha bir aktiv oyunçusu əslən argentinalı olan, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur.


Bu şəxs artıq neçə illərdir ki, öz nəfsinin və ermənilərin qurbanına çevrilib. Okompo təsadüfi deyil ki, COP29 ərəfəsində tez-tez Ermənistana gedir. Burdakı bəzi dairələrdən  Azərbaycana qarşı böhtan kampaniyası üçün tezislər alır. Təbii ki, Okamponun səfərləri xərcsiz olmur. Hər səfərində o ermənilərdən istədiyi qonararı almaq üçün daha çirkin vasitələr təklif edir.

Bu zavallı öz çıxışlarında dünya liderlərini Bakıda iqlim dəyişikliklərini yox, “erməni soyqırımı”nı müzakirə etməyə çağırır. Bu qədər bəsit, dar düşüncəli olan birisinin hüquq təminatçısı olması xeyli təəccüb doğurur. Çünki COP29-un mahiyyəti daha fərqli və ümumbəşəridir. Amma Okamponun iddiaları korporativ maraqlara söykənməklə çox məntiqsiz və absurd görünür.

Diqqətli olmaqda fayda var

Bu cür məlumatlar nə qədər reallıqdan uzaq olsa da, çaşdırıcı mahiyyət daşıyır. Ona görə də həm vətəndaşlarımızın, həm də beynəlxalq ictimaiyyətin bu məsələdə diqqətli olması vacibdir.

Digər tərəfdən, bu cür yalanların daha çox tirajlandığı “X” platforması da müvafiq araşdırmalar aparmalı, feyk və böhtan xarakterli məlumatlarla ictimaiyyəti aldatmağa çalışanlara qarşı müvafiq addımlar atmalıdır.

Saxta təbliğat uğursuzluğa məhkumdur

İstənilən halda, COP29-a qarşı ermənipərəst qüvvələrin fitvası ilə Qərbdə başlanan çirkin kampaniya xoşagəlməz olsa da, eyni zamanda perspektivsiz və absurddur. Çünki Azərbaycan bir dövlət olaraq yalnız öz maraqlarından yox, regional və beynəlxalq, eyni zamanda ümumbəşəri maraqlardan çıxış edir.

Ona görə də Azərbaycanın nüfuzuna bu cür saxta vasitələrlə kölgə salmaq mümkün deyil.



Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin