Noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Tədbirlə bağlı Azərbaycana 100 minə yaxın turistin gəlməsi gözlənilir. Tədbirin keçirildiyi 10 gün müddətində sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Artıq həmin ərəfədə təhsilin məsafədən verilməsi ilə bağlı qərar qəbul edilib.
Həmçinin, Nazirlər Kabineti dövlət orqanlarına dövlət qurumlarında iş rejiminin dəyişdirilməsi ilə bağlı tapşırıq verib. Dövlət orqanlarında işləyənlərin 70 faizinin məsafədən işləməsi nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:
UNFCCC-nin texniki missiyası COP29-a hazırlıqla bağlı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO
Təhsilin və bəzi işlərin məsafədən idarə olunması təcrübəsi 2020-ci il koronavirus pandemiyasından bizə tanışdır. Pandemiya zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizə azaldılması haqqında tapşırıq vermişdi. Həmin vaxt qurum tərəfindən özəl sektorda fəaliyyət göstərən müəssisələrə zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb olunması, digər işçilərin maksimum məsafədən işləməsinin təmin olunması tövsiyə edilmişdi.
Xatırladaq ki, DSK-nin məlumatına görə, 2024-cü il iyunun 1-i vəziyyətinə görə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 749 min nəfər olub. Muzdla çalışanların 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
Bəs COP29 zamanı özəl sektorda iş rejimi necə tənzimlənəcək? Bunun üçün aidiyyəti qurumlar tərəfindən müəyyən tövsiyələr verilə bilərmi?
Mövzu barədə Bizim.Media-ya danışan Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, bütün işlərin məsafədən görülməsi mümkün deyil:
“Bəzi sahələrdə bu, mümkün olmayan məsələdir. Nümunə üçün kiçik bir çörəkbişirmə müəssisəsini götürək. Çörəyi məsafədən bişirmək olmur axı. Hansısa detal istehsal edən zavodda çilingər, tornaçı, elektrik, texniki işçilər və s. işləyir. Yəni məsafədən bütün işləri tənzimləmək mümkün deyil. Dövlət özəl sektora da deyə bilməz ki, sən istehsalı dayandır. O zaman gərək dövlət kompensasiya ödəsin. Pandemiyada dövlət özəl sektora yüz milyonlarla əlavə vəsait ödədi. Bu halda bunu etmək nə dərəcədə məqsədəuyğundur?! Nazirlər Kabineti dövlət qurumlarına tapşırıq verə bilər və bundan ötrü əlavə xərclərə ehtiyac yoxdur. Amma özəl sektora belə tapşırıq veriləndə onda kompensasiya məsələləri ortaya çıxa bilər”.
İqtisadçı ekspert Natiq Cəfərli də dövlətin qanunla özəl sektora hər hansı tapşırıq verə bilmədiyini qeyd edib:
“Dövlət sektorunda tapşırıq, əmrlə işçilərin iş qrafikini tənzimləmək asandır. Özəl sektora dövlət tərəfindən tapşırıq verilə bilməz. Deyilənə görə, 80-100 min qonaq gələcək, özəl sektor, kafe-restoran, əyləncə mərkəzləri işləməsə, bunlar harada yeyib-içəcək, harada qalacaqlar. COP29 tədbiri həm də turizmi təşviq etmək üçündür. Azərbaycan hökumətinin belə bir plan və məqsədi var ki, COP29 ölkədə həm də turizmi təşviq eləsin. Yəni özəl sektorda bu mümkün deyil. Çörək bişirilməlidir, mağazalar, kafe və restoranlar, nəqliyyat, taksi işləməlidir. Bunlar işləməsə, 80-100 min turist piyadamı gəzəcək, acmı qalacaq?! Bu nöqteyi-nəzərdən özəl sektora bunun şamil edilməsi düzgün deyil”.
Ekspertin sözlərinə görə, özəl sektora işləmədiyi günlərə görə təzminat ödənilməlidir:
“Hətta bunu Nazirlər Kabinetinin qərarı ilə etsələr belə, onda gərək özəl sektora kompensasiya versinlər. Bir mağazaya “10 gün işləmə” desələr, mağazanın 10 günlük gəlir itkisini kompensasiya etməlidirlər”.
Günay Şahmar, Bizim.Media