“Hindistan” ştammı Azərbaycanda? - Həkimdən SOS  

Hazırda oxunan: “Hindistan” ştammı Azərbaycanda? - Həkimdən SOS  

20065

“Dünyanın bir çox ölkəsində koronavirusun yeni ştammları yaranıb. Praktika göstərir ki, yeni ştammlar çox da ölüm halı yaratmır. Onların sadəcə yoluxuculuq qabiliyyəti sürətlidir. Bundan əlavə son vaxtların yaranmış ştammları ilk yayılanlardan zəifdir. Amma istənilən halda istər “Britaniya”, isrət “Hindistan” istərsə də bir başqası olsun, bu ştammların Azərbaycanda da yayılma ehtimalı yüksəkdir”. 

Bu fikirlərlə Bizim.Media-ya tanınmış terapevt Rasif Bağırov “Hindistan” ştammının Azərbaycanda yayılma təhlükəsindən danışarkən deyib.

Onun sözlərinə görə gediş-gəliş olmasa da, ölkələr arasında ticarət əlaqələri mövcuddur:

“İnsanların gediş-gəlişini haradasa saxlamaq olar. Amma ticarət əlaqəsini saxlamaq olmur. Məhz bu əlaqələr vasitəsilə də yeni ştammların ölkəyə gəlmə ehtimalı çoxdur. Hindistanda koronavirusun təxminən 7-8 növü meydana çıxıb. Amma ölənlərin yeni ştammlarla əlaqəsi yoxdur. O ölkədə xəstəliklə bağlı müalicə tədbirlərinin həyata keçirilməsi üçün şərait lazımi səviyyədə yoxdur. İnsanlar müalicədən kənarda qalırlar. Bu baxımdan orada kütləvi qırılma halları baş verib. “Hindistan” ştammı kütləvi ölümə səbəb ola bilirsə, yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatı güclü SOS verərdi və bütün dünyanın nəzərini həmin ölkəyə yönəldərdi ki, ştamm digər ölkələrə yayılmasın. Hələki həmin ştammın təhlükəliliyi və gərginlik yaratması ilə bağlı xəbərdarlıqların şahidi olmuruq”.  

Həkim Azərbaycanda son günlər müşahidə olunan yoluxma sayı ilə bağlı məsələyə də toxunub. O, deyib ki, yoluxma sayının artıb-azalması insanların məsuliyyətindən asılıdır:

“Nə vaxt ki, epidemioloji durum gərginləşir, insanlar təşvişə düşür və karantin davranışlarına əməl etməyə başlayırlar. Virusla mübarizədə məsuliyyəti artırırlar. Elə ki, yoluxma sayı azalır, insanlar qorunma tədbirlərini başdı-başına buraxır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını və 20-dək ölkədə bu ştammın aşkarlandığını açıqlayıb.

COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir. 

Artıq Çinin bir neçə şəhərində, Gürcüstanda və Fransada COVID-19 virusunun “Hindistan”ştammına yoluxmalar aşkarlanıb. 

Gürcüstanda Hindistandan gələn şəxslərin 14 gün müddətinə karantinə alınmasına dair qərar qəbul edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin