Pəhrizli həyat, yoxsa göy-göyərti ilə QİDALANMA? - Vegeterianlığın orqanizmə TƏSİRLƏRİ

Hazırda oxunan: Pəhrizli həyat, yoxsa göy-göyərti ilə QİDALANMA? - Vegeterianlığın orqanizmə TƏSİRLƏRİ

190892

Müasir dünyada vegeterianlıq çox məşhurlaşıb. Son illərdə, əsasən ət və balıqdan imtina edilən bu pəhriz növündən istifadə edənlərin sayında artım var.

Vegeterianlığın bəzi növləri hətta heyvanların istismar olunduğu qidalardan, yəni yumurtadan, süd məhsullarından imtinanı əhatə edir. Bu cür insanlar təkcə qidadan deyil, heyvanın dərisindən hazırlanan məhsullardan, yun parçalardan və bəzi dərmanlardan imtina edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Sağlam qidalanmağa xidmət edən insanlar vegeterianlığı təkcə buna görə yox, həm də etik, siyasi, dini səbəblərdən seçirlər. Elə tarixdə öz ağlı, düşüncəsi ilə iz qoyan bir çox məşhurun vegetarian olması da buna sübutdur.

Latıncadan sözün mənası “sağlam, gümrah” kimi tərcümə olunsa da, mütəxəssislər orqanizmi qidalandıran müəyyən maddələrdən tamamilə imtinanı doğru hesab etmirlər.

Bəs vegeterianlığın orqanizmə hansı təsirləri var? İnsanlar imtina etdikləri qidaları nə ilə əvəzləməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-terapevt Rasif Bağırov deyib ki, həmin qidalardan alınan lazımi maddələri mütləq başqa qidalardan əldə etməlisən:

“İnsanlar elə başa düşürlər ki, bir ət yeməməklə vegeterian olursan. Vegeterianlıq prosesi ondan ibarətdir ki, əgər ət yemirsənsə, ətin sənin orqanizminə verdiklərini hansısa başqa üsullarla, başqa qida maddələri ilə orqanizmə daxil etməlisən. Əgər onu eləmirsənsə, həmin orqanizmin inkişafı ət yeyən insanların orqanizminin inkişafından fərqli və zəif olacaq. 

Ümumiyyətlə, fikir versəniz, vegeterian insanlar çox arıq olurlar, kifayət qədər güclü inkişaf etmiş olmurlar. Çünki insan bədəninə zülal daxil olmalıdır, zülal da ət vasitəsilə daxil olur. Zülaldan əlavə ətin tərkibində dəmir var, başqa lazımi maddələr, aminturşular var ki, onlar orqanizmə ət vasitəsilə keçir”.

Həkim hesab edir ki, vegeterian olmaq istəyənlər mütləq diyetoloqla məsələhətləşməlidir:

“Regionumuzda yaşayan insanlar, ümumiyyətlə, ümumi adət-ənənə üzrə qidalanmağa uyğunlaşdığına görə, onlar vegeterian olmaqdan ötrü həkim diyetoloqa müraciət eləməlidir. Ətin əvəzinə zülalı hansı qidalardan qəbul edib, yerini doldura bilərlərsə, həmin maddələrdən mütləq istifadə eləməlidirlər. 

Çünki ətin verdiyi zülal insan beyninin normal təfəkkürünü təmin eləməyə çox güclü təsir edir. Hindistanda vegeterianlar həddən artıq çoxdular, güman etmirəm ki, onlar ancaq göy-göyərti və müəyyən qidalarla qidalanırlar. 
Onların mütləq konkret reseptləri olur, həmin resept əsasında qidalanıb, orqanizmə lazım olan enerjini qəbul edirlər. Kor-koranə mən vegeterianam deyb, ot-ələflə qidalanmaq olmaz. Qəbul olunmayan qidaların bədəndə defisiti yaranır ki, o da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin