ÜST-ə görə qızılcaya ən yüksək yoluxma Azərbaycandadır – Bəs rəsmi statistika NƏ DEYİR? 

Hazırda oxunan: ÜST-ə görə qızılcaya ən yüksək yoluxma Azərbaycandadır – Bəs rəsmi statistika NƏ DEYİR? 

190067

Azərbaycanda ötən ildən etibarən qızılcaya yoluxanların sayında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. Bir neçə uşaq xəstəlik səbəbindən vəfat edib. 2022-ci ildə isə cəmi bir nəfərdə bu xəstəliyə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünya miqyasında qızılcaya yoluxma hallarının 2023-cü ildə 2022-ci ilə nisbətən iki dəfə artdığı haqda məlumat yayıb. ÜST-ün məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb.

Məlumata görə, ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub.

Azərbaycanda 2023-cü ildə qızılcaya yoluxma sayında müşahidə edilən artımın hazırda hansı səviyyədə olduğunu öyrənməyə çalışdıq. 2024-cü ilin ötən 4 ayı ərzində neçə nəfərin qızılcaya yoluxması ilə bağlı Dövlət Statistika Komitəsinə (DSK) müraciət etdik.

Qurumdan Bizim.Media-ya bildirdilər ki, bu rəqəmlər ilin sonunda müəyyən olunur və açıqlanır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Epidemioloji məsələlər üzrə direktor müavini Afaq Əliyeva bu həftə yerli mediaya açıqlamasında aprel ayının 29-da ölkədə 29 nəfərin qızılcaya yoluxduğunu deyib.

“Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır. Rəqəmlər azalmağa doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var” – deyə, o qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırması və ən çox yoluxmanın Azərbaycanda qeydə alınmasına Səhiyyə Nazirliyi münasibət bildirməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Bizim.Media-ya deyib ki, ötən il qızılcanın bütün dünyada və ölkədə yayılması müxtəlif səbəblərlə bağlıdır:

“Qızılca, göy öskürək, difteriya və digər infeksiyalara qarşı uşaqlar milli peyvənd təqvimi ilə peyvənd olunurlar. Bunlardan bir ara valideynlər yayındılar. Bu, bütün dünyada müşahidə olundu. Xüsusilə, koronavirus pandemiyası gəldi və bu prosesə ciddi təsir etdi. Hazırda qızılca yenidən meydana çıxıb və özünü tamamilə başqa cür aparır. Yəni daha fəal şəkildə yeni performans göstərir.

Bu, bir tərəfdən vaksin olunmamağa, bir tərəfdən koronavirus pandemiyası zamanı orqanizmdə baş verən təlatümlərlə, digər tərəfdən virusun özünün dəyişdiyinə bağlıdır. Bunlar hamısı bu prosesdə ciddi rol oynayır. Alimlər bu gün qızılcanın dünyada yenidən yayılması, geniş coğrafiyanı əhatə etməsini müşahidə edir, araşdırma aparırlar”.

Həkim bildirib ki, konkret xəstələnmə və ölüm sayı onlara məlum deyil:

“Baxsaq görərik ki, xeyli adam qızılcaya yoluxub, çoxusu ictimailəşməyib, çoxusu bilinməyib, qeydiyyata düşməyib. Bu xəstəlik bəzən ağırlaşma, bəzən ölüm halları ilə müşahidə edilib. Ona görə də xəstəliyə ciddi yanaşmaq lazımdır. Hazırda qızılcanın vaksini milli peyvənd təqvimində var. Bunu etdirmək lazımdır. Valideynlər bu məsələdən dərs çıxarmalıdırlar. Təəssüflər olsun ki, çox vaxt dərs çıxarmırlar.

İnfeksion xəstəliklərdən qorunmaq üçün ÜST-ün tövsiyə etdiyi milli peyvənd təqvimi ilə profilaktik məqsədlə vurulacaq vaksinləri uşaqlara vaxtlı vaxtında vurdurmaq lazımdır. Valideynlər qətiyyən antivaksin tədbirlərinə uymasınlar. Bu, uşaqların sağlam gələcəyi üçün çox vacibdir”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin