Doğuş zamanı ana və uşaq ölümü niyə daha çox bölgələrdə baş verir? – SƏBƏBLƏR

Hazırda oxunan: Doğuş zamanı ana və uşaq ölümü niyə daha çox bölgələrdə baş verir? – SƏBƏBLƏR

185637

Mətbuatda müxtəlif vaxtlarda doğuş zamanı ananın və ya körpənin ölümü ilə bağlı məlumatlara rast gəlinir. Bu il aprel ayının 1-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanada vəfat edən qadın ondan bir neçə gün öncə xəstəxananın Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı olunub. TƏBİB-in məlumatına görə, xəstəxanaya huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilən qadın kəskin ürək-ağciyər çatışmazlığından ölüb.Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına baxsaq, ana ölümlərinin əsas payının regionlara düşdüyünü görərik. Belə ki, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə 18 qadın vəfat edib. Hadisələrin altısı rayon, 12-si isə kənd yerlərində baş verib.

Doğuş zamanı ana və uşaq ölümü niyə daha çox bölgələrdə baş verir? Buna həkim səhlənkarlığı, peşəkar kadr çatışmazlığı, rayon xəstəxanalarında tibbi ləvazimatların olmaması səbəb olur?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, bunlar haqqında dəqiq araşdırma olmalıdır:

“Dəqiq araşdırma, tibbi şuranın qərarı olmalıdır ki, ondan sonra rəy bildirəsən. Hazırda onu nəyləsə əsaslandırmaq doğru deyil. Dolğun məlumatlar olandan sonra fikir yürütmək olar ki, yanlışlıq nədən olub”.

Həkim-ginekoloq Təranə Həsənova isə Bizim.Media-ya mövzu barədə danışaraq bunu hamilə qadınların vaxtında müayinələrə gəlməməsi ilə əlaqələndirib:

“2021-ci ilə nisbətən 2022-ci ildə hamiləlik, doğuş zamanı qadın ölümlərinin sayı azalıb. Bunun özü müsbət haldır.

Təkcə rayonlarda yox, Bakıda da qadınların daha çox üzləşdiyi vəziyyət preeklampsiya, eklampsiya hallarıdır. Buna mamalıq patalogiyası deyirik. Daha çox ölüm riskini bunlar verir. Qadınların xəstəxanaya çox ağır vəziyyətdə gəldiyi ilə rastlaşıram. Düşünürsən ki, görəsən, sağ qalacaq yoxsa yox.

İstər paytaxtda, istərsə də rayonlarda buna laqeydlik, başı soyuqluq, həkimə getməyə icazə verilməmə bilmirəm, nə istəyirsiniz ad verin. Düşünürəm ki, rayonlarda da eyni səbəbdir. Xəstəxana, həkimlər, tibbi avadanlıqdan öncə xəstənin vaxtında həkimə müraciət eləməsini düşünməliyik. Hamilə qadınlar 7 aya qədər ayda bir dəfə, 7-ci aydan sonra ayda iki dəfə həkim qəbulunda olmalıdır. Hər dəfə mütləq qanın və sidiyin ümumi analizi verilməlidir”.

Həkim ağır vəziyyətdə gələn xəstəni qəbul edən həkimin hazırlıq səviyyəsinin yüksək olmamasını da inkar etməyib:

“Konkret deyə bilməsəm də həkimlərin də buna laqeyd yanaşması, həkimlərin hazırlıq səviyyələri yüksək olmaya bilər. O da xəstənin çox ağır hallarında mümkündür. Yəni digər hallarda xəstə müraciət edirsə, həkim onu vəziyyətdən çıxarmaq qabiliyyətinə malikdir. Burada tibbi avadanlıq da çox yüksək səviyyədə olmalıdır. Bu, yalnız ağır vəziyyətdə gələn xəstələrə aiddir. Elə xəstə var ki, qanaxması olur, həkimin ikinci dərdi onda başlayır. Bölgələrdə də qan bankının olması, qan köçürmə asan deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin