Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə isə, 2023-cü ilin noyabr ayı ərzində Azərbaycanda 2919 nəfər qızılca xəstəliyinə yoluxub. Maraqlıdır ki, DSK-nın təqdim etdiyi məlumatla, ÜST-ün verdiyi məlumat arasında kəskin fərq var, lakin hər iki statistikaya görə bu, son 23 il ərzindəki ən yüksək yoluxma olub.
MÖVZU İLƏ BAĞLI:
Eşşək südü qızılcanın DƏRMANIDIR?
Qızılcaya yoluxanlar isə daha çox uşaqlardır.
Səhiyyə Nazirliyi ölüm sayını açıqlamasa da, son üç ayda yayılan məlumatlar onu göstərir ki, uşaqlar arasında qızılcadan ölüm halları artmaqdadır. Hətta qeyri-rəsmi rəqəmlər bu rəqəmin 20-ni üstələdiyini də deyir.
Pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, qızılca son dərəcə yoluxucu xəstəlikdir və peyvənd olunmaq mütləqdir:
“Sovet dövründə peyvənd birvalentli idisə, indi üçvalentli tətbiq olunur. Hansı ki, həmin peyvənd həm məxmərəyə, həm də parazitə qarşıdır. 95% hallarda peyvənd qızılcadan qoruyur. Təbabətdə həmişə 2x2=4 olmur. Peyvəndli uşaqlar da qızılcaya yoluxa bilirlər.
Lakin “peyvənd vurdurub və ölüb” kimi xəbərlərə inanmıram. Bəli, builki qızılca klassik gedişatdan fərqlidir. Klassik gedişatda qızılca mərhələli xəstəlikdir. Birinci etapda üç-dörd gün qızdırma olur, göz qızarır, öskürək yaranır, növbəti üç-dörd gündə isə səpki başlayır. İndikilərdə isə dəyişiklik var. Belə ki, indi uşaq on gün qızdırır, sonra səpir.
Builki sıxlıqda qızılcaya yoluxma heç yadıma gəlmir. Lakin bunun qızılca yox, başqa infeksiya olduğuna dair şübhələr cahillik əlamətidir.
Qeyd edim ki, qızılcanın spesifik müalicəsi yoxdur. Ancaq qızdırmanın aşağı salınmasına, öskürəyin keçməsinə qarşı dərman preparatları qəbul edilir”.
Pediatr vurğulayıb ki, qızılcadan ölüm hallarının artmasının səbəbini aidiyyəti qurumlar cavab verməlidir:
“Peyvənddən imtina qəbuledilməzdir. Mən başa düşmürəm ki, peyvənd olunmaq niyə könüllü olub? Sovet vaxtında məcburi idi. İndi isə bir aparıcı efirdə çıxıb deyir ki, Hindistan bizə düşməndir, oradan gələn peyvənddən istifadə etmək olmaz. Bunu demək cinayətdir ey... Sovet dövründə elə adamı saxlamazdılar. Heç kim öz şəxsi fikrini efirdə, mətbuatda çağırış formasına salıb, insanları qorxuda bilməz” – deyə, Vaqif Qarayev bildirib.
Əlavə olaraq onu da bildirək ki, rəsmi qurumlar ölkədə qızılcaya yoluxma halları yayılandan bəri xəstəlikdən ölənlərlə bağlı statistika açıqlamayıb. Bununla bağlı müraciətlərimizə də susqunluqla yanaşılır. Amma mediada az qala hər gün bir uşağın qızılcadan dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılır...
Nuranə Daxilqızı, Bizim.Media