“AstraZeneca”nın ölüm yaratması GÜNDƏMDƏ – Səhiyyə Nazirliyi niyə susur?

Hazırda oxunan: “AstraZeneca”nın ölüm yaratması GÜNDƏMDƏ – Səhiyyə Nazirliyi niyə susur?

17139

Koronavirusa qarşı vurulan “AstraZeneca” vaksininin ölümlə nəticələnməsi ilə bağlı mətbuatda çoxsaylı məlumatlar yer alır. Avropa ölkələrində tətbiqindən sonra baş verən ölüm halları peyvəndi alan ölkələrdə də də təşviş yaradıb. Avropa Dərman Agentliyi “AstraZeneca” şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu təsdiqləyib.  

Qeyd edək ki, İngiltərədə “Oxford-AstraZeneca” vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilib. Belə ki, İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

"AstraZeneca"nın ciddi tromblaşma yaratması təsdiqləndi — Avropa Dərman Agentliyinin ARAŞDIRMASI


Bir müddət əvvəl isə Norveçin səhiyyə orqanları “AstraZeneca” vaksini vurulmuş 3 nəfər tibb işçisinin qanaxma, tromb və trombositlərin aşağı miqdarı simptomları ilə müalicə aldığını xəbər vermişdilər. Daha əvvəl isə Danimarka eyni vaksinin insanlarda qan laxtalanması yaratdığı səbəbindən onun tətbiqini dayandırmışdı.

Ümumilikdə 20 Avropa ölkəsi, eləcə də Kanada “AstraZeneca” peyvəndindən imtina edib. 

Xatırladaq ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətirilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Səhiyyə nazirinin müavini Viktor Qasımovun sözlərinə görə, vaksinin yaxın günlərdə tətbiqinə başlanılacaq. 

“AstraZeneca” ilə bağlı qorxunc informasiyaların yayılması ictimaiyyətdə çaşqınlıq yaradıb. Ciddi müzakirələrə səbəb olan məsələ vaksinin tətbiqi ilə bağlı da tərəddüd yaradıb. 

Tanınmış terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin ölkəyə gətirdiyi bütün vaksin növləri ilə bağlı ictimaiyyətdə maarifləndirmə işinin gücləndirilməsini vacib sayıb:

“Mütləq Səhiyyə Nazirliyi vaksinlər haqqında mütəmadi maariflənidirici məlumatlar verməlidir. Arada gəzən söz-söhbətlərə, insanların gərginləşməsinə son qoymalı, lazım olan izahatları aparmalıdır. Məlumat vermək əvəzinə susqunluq nümayiş etdirəndə, cəmiyyətdə yalnış anlaşılma və təsəvvür formalaşır. Düşünülməmiş fikirlərin yayılması insanlarda neqativ hallara səbəb olur”.

Həkimin sözlərinə görə, əslində “AstraZeneca” ilə bağlı məlumatlar peyvənd Avropada ilk dəfə tətbiq edilən zamanlardan yayılır:

“Bir-iki xəstədə peyvənddən sonra ölüm halı baş vermişdi. Sonradan araşdırma getdi və məlum oldu ki, bu, tromb yaratma xüsusiyyəti ilə deyil,  sadəcə peyvənd vurulan şəxslərdə hansısa xəstəliyin olması ilə bağlı olub. Bu gün peyvənd müalicəsindən çox siyasi xarakter daşıyır".
 

"Ölkələr bir-birlərinin vaksinlərini pisləyir və əks təbliğat aparmaqla məşğuldurlar. Bu gün ölkələrdə koronavirus və başqa xəstəliklərlə bağlı insanları qorxu altında saxlamaq, xaos yaratmaq istəyənlər yalan informasiyalar üzərində işləyirlər. Nəticə etibarilə isə insanlar çaşqın vəziyyətdə qalır”.


Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı “AstraZeneca” vaksininin tətbiqində heç bir təhlükəli hal olmadığını bəyan edərək, nəinki ölkələrdə, eləcə də Azərbaycanda bu peyvəndin istifadəsini məqbul sayıb. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi hələki susur. Nazirliyin mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev suallarımızı cavabsız qoyub. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin