Son günlər qızılca xəstəliyinə yoluxan uşaqların sayı artır. Hətta onların arasında ölənlər də var.
Bəs, qızılcaya yoluxan uşağa ilkin tibbi yardım necə olmalıdır?
Pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, qızılcaya qarşı peyvənd olunan uşaqlar xəstəliyi ağır keçirmir:
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı MÜRACİƏT: 10 yaşa qədər uşaqlar…
“Koronavirus elmə məlum olmayan virus olduğu üçün geniş xaos yaranmışdı. Lakin qızılca qədim epidemiyadır. Lap qədim vaxtlarda qızılca milyonlarla uşağın həyatına son qoyan virus olub. Bu virus son dərəcə yoluxucudur, lakin hazırda ölüm səviyyəsi aşağıdır.
Peyvənd yaradılana qədər ölüm sayı çox olub. Ağırlaşma olmasa, qızılca yüngül xəstəlikdir. Peyvənd olunan uşaqlar qızılcanı çox yüngül keçirirlər.
Qızılca xəstəliyi mərhələli irəliləyir. Birinci gün hərarət qalxır, öskürək, burun tıxanıqlığı, gözlərin qızarması halları baş verir. Üç-dörd gün sonra isə, ikinci mərhələ, yəni səpki başlayır. Səpki dövrü ilk sifətdə və boyunda, növbəti gün əllərdə, ayaqlarda olur. Səpki dövrü üç-dörd gün çəkir. Daha sonra onlar sönməyə başlayır. Səpki mərhələsi kritik olur, çünki qızdırma qalxır.
Qızılcanın xüsusi müalicəsi yoxdur.
Valideynlər qızdırmaya nəzarət etməlidirlər. Gözlərə isə hamının bildiyi “Albusid” göz damcısından istifadə etmək olar. Ağız boşluğunu qarqara etmək üçün şalfey, palıd qabığı yararlıdır. Çünki ağız içində də səpkilər olur. Eyni zamanda uşaqda immunitet düşdüyü üçün bol meyvə-tərəvəz yemək lazımdır. Qızılcanın ağırlaşması yoxdursa, ciddi müdaxiləyə ehtiyac yoxdur”.
Nuranə Daxilqızı, Bizim.Media