2030-cu ilədək diabetdən ölənlərin sayı iki dəfə ARTACAQ – Professor səbəbləri AÇIQLADI

Hazırda oxunan: 2030-cu ilədək diabetdən ölənlərin sayı iki dəfə ARTACAQ – Professor səbəbləri AÇIQLADI

164669

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayı artıb. Hazırda ölkədə rəsmi qeydiyyatdan keçən şəxslərin sayı 300 mini ötüb. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

Azərbaycanda şəkərli diabetlə bağlı yayılan rəsmi statistikaya baxsaq, 2017-ci ildə ölkədə 243 min diabet xəstəsinin, ötən il bu rəqəmin 300 minə yaxınlaşdığını, bu il isə 300 mini aşdığını görə bilərik. Rəsmi qeydiyyatdan keçməyən, özündə bu xəstəliyin əlamətlərinin olmasından xəbərsiz insanlar da var. Bunları da nəzərə alsaq, xəstə sayının göstərilən rəqəmdən çox olduğu məlum olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da şəkərli diabetlə bağlı nikbin proqnoz verməyib. Qurumun açıqlamasına görə, 2030-cu ilədək dünyada diabetdən ölənlərin sayı iki dəfə arta bilər.

Şəkərli diabetli xəstələrinin sayının artmasında hansı faktor rol oynayır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb elmləri doktoru Adil Qeybulla xəstəliyin yaranmasında irsi faktorun da rol oynadığını bildirib:

“Şəkərli diabetli xəstələrin sayı təkcə Azərbaycanda yox, dünyada artmaqdadır. Diabetin birinci növü daha çox anadangəlmə, həmçinin, müxtəlif səbəblərlə bağlı insulindən asılı olur. İkinci tip daha çox həyat tərzinə bağlıdır, amma burada da irsi faktorlar rol oynayır. Orqanizmə daxil olan qida ilə sərf olan kalori arasında balans olmayanda, orqanizmdə həddən artıq depolaşma baş verəndə, çəki artanda və tədricən mübadilə pozulduqda bədəndə insulin rezistenliyi baş verir. Bu da şəkərə gedən yol-ilk addımdır. Bu xəstələr yetərincə çoxdur”.

O, insanlar arasında artan tənbəlliyin, passiv həyat tərzinin də bu xəstəliyə yol açdığını qeyd edib:

“İnsanlar arasında tənbəllik artıb, yağlı, şirin qidaların qəbulu çoxalıb. İnsanlar çox yeyib, az hərəkət edirlər. Bu, şəkərli diabetin əsasında dayanan faktorlardır. Bunun həll yolu kütləvi idmandır, insanların fəallığını artırmaqdır ki, biz bunu arayıb tapmalıyıq. Əks halda dünyada olduğu kimi bizdə də bu tendensiya davam edəcək.

Şəkərli diabetli xəstələrin olmasının bir neqativ cəhəti ondan ibarətdir ki, bu, əmək qabiliyyətinin enməsi ilə müşahidə olunan xəstəlikdir. Xəstə əmək qabiliyyətini itirdikcə dövlət, ölkə və özləri üçün problem yaradır. Həm ölkəyə iqtisadi zərər, həm də büdcəyə əlavə yük olurlar. İnsan şəxsi əmək qabiliyyətini itirdikcə, daha çox faydalılıq əmsalını da itirir.

Hər birimiz sağlam həyat tərzi keçirmək, yaşamaq üçün düşünməliyik. Bundan başqa, pis vərdişlər, siqaret çəkmək, aşırı alkoqol qəbulu da şəkərli diabetin baş verməsinə, onun inkişafına, onun tez ortaya çıxmasına səbəb olan amillərdəndir”.

Günay Şahmar, BizimMedia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin