Payızda tez-tez xəstələnməmək üçün NƏ ETMƏLİYİK? – AÇIQLAMA 

Hazırda oxunan: Payızda tez-tez xəstələnməmək üçün NƏ ETMƏLİYİK? – AÇIQLAMA 

158606

“Havaların soyuması ilə əlaqədar maddələr mübadiləsindəki və hormonal balansdakı dəyişikliklər bir çox hallarda insanın ruh halına və əhval-ruhiyyəsinə mənfi təsir göstərir və bəzi insanlar özünü depresiyaya qapılmış, həyat enerjisi tükənmiş kimi hiss edirlər. Hətta öz işlərindən də zövq almırlar, üstəlik, əmək qabiliyyətləri aşağı düşür”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, insanlar payızda həm tərzlərinə və qidalanma rejiminə əməl etsinlər:

“Bu zaman əsas məsələ, insanların xoşbəxtlik hormonlarını təmin edən yuxu rejiminə düzgün əməl edilməsidir. Belə ki, ən gec saat 22:30-dan sonra mütləq yuxuya getmək və ən azı 7-8 saat yatmaq lazımdır. Səhər yuxudan oyandıqdan 15 dəqiqə sonra yataqdan qalxmaları tövsiyə olunur. Çünki “Kortizol” adlanan hormon yuxudan oyandıqdan sonra aktivləşməyə başlayır. Əgər bu müddət 15 dəqiqəni keçərsə, bu, orqanizmdə bəzi fəsadların yaranmasına səbəb olur və beləliklə, qan dövranı və gümrahlıq aşağı düşür”.  

Müsahibimiz qeyd edib ki, qidalanmanı düzgün tənzimləmək və qorumaq üçün hər gün səhər yeməyinə diqqət etmək lazımdır: 

“Bunun üçün də protein tərkibli yumurta, süd, pendir, qaymaq kimi qidalardan istifadə etmək tövsiyə edilir. Mövsümi meyvə və tərəvəzlərin hər yemək zamanı istehlak edilməsi vacibdir. Tərəvəzlər lifli qidalar baxımından da zəngindir və bağırsaqların hərəkətliliyini təmin edir. Əgər bağırsaqlar düzgün çalışarsa və mikro-florası düzgün olarsa, insan daha enerjili və sağlam olacaq”. 

Ekspertin sözlərinə görə, tərkibində “C” vitamini olan meyvələri də vaxtaşırı qəbul etmək lazımdır:

“Sitrus mevələrinin tərkibində bu vitamin daha çoxdur. Bu vitamin immun sistemini gücləndirir. Diqqət edəcəyimiz digər bir məqam isə odur ki, payız fəslində havalar sərinləşdikcə, qəbul etdiyimiz suyun miqdarı azalır. Bunun da bir çox fəsadları var. Unutmayaq ki, orqanizmin 60 faizini su təşkil edir və baş verən proseslərin böyük hissəsi suyun hesabındadır. Əgər bu mayeni tələb olunan miqdarda qəbul etməsək, “de-hidrosasiya” adlanan proses baş verir ki, bu da orqanizmin susuzlaşması, həmçinin daxili orqanların pozulması və erkən qocalmaya səbəb olur”. 

Şam yeməyi rejiminə düzgün əməl etməyi məsləhət görən M.Hüseynova bildirdi ki, yuxudan ən azı 3-4 saat əvvəl yemək lazımdır:

“Gec saatlarda yeyilən yemək gec həzm olunur və orqanizmin ağırlaşmasına səbəb olur. Bu da yuxu rejimin pozulması ilə müşayiət olunur. Diqqət edəcəyimiz digər məqam isə, tərkibində “Omeqa-3” və “Omeqa-6” yağları olan faydalı qidalarla bağlıdır. Bunlar isə əsasən balıq, dəniz məhsulları, qırmızı ət, toyuq və digər quş məhsulIarıdır. Eyni zamanda, gün ərzində yəni qoz, fındıq, badam, fıstıq kimi çərəzlərin hərəsindən bir ovuc qəbul etmək lazımdır. Bunlar da həm doymamış yağ turşuları və “Omeqa” yağları ilə zəngindir”. 

Qida mütəxəssisi vurğulayıb ki, insanların soyuq havalarla əlaqədar qapalı məkanlarda keçirəcəkləri vaxta da düzgün əməl etmələri vacibdir:

“Səhər və axşam mütləq təmiz havada olsunlar və gün ərzində ən azı yarım saat piyada gəzsinlər. Eyni zamanda, yorğunluğu aradan qaldırmaq üçün cökə, nanə kimi bəzi bitki çaylarından da yararlanmaq olar. Ev şəraitində isə nanə, limon, bal və zəncəfil qarışığından ibarət dəmləməni içmək lazımdır. Bu bizim immun sistemimizin güclənməsinə və özümüzü gümrah və enerjili hiss etməyimizə səbəb olacaq”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin