Hicama faydalı, yoxsa ZƏRƏRLİDİR? – Həkim və ilahiyyatçıdan TƏZADLI YANAŞMA

Hazırda oxunan: Hicama faydalı, yoxsa ZƏRƏRLİDİR? – Həkim və ilahiyyatçıdan TƏZADLI YANAŞMA

156482

Son zamanlar el arasında hicama üsulu ilə müalicəyə üz tutanların sayı xeyli artıb. Lakin, bu müalicə üsuluna münasibət birmənalı deyil. Xüsusən də səhiyyə işçiləri hicama üsulunu qəbul etmirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, istənilən müalicə üsulu test edilməlidir:

“Dünyəvi elmə görə istənilən müalicə üsulu heyvanlar üzərində sınaqdan keçirilir. Bundan sonra isə bu müalicə üsulu könüllülər üzərində test edilir. Bunlar hamısı ardıcıl və elmi-tədqiqat şəklində aparılır. Və müəllif hansı parametrlərin dəyişəcəyini iddia edirsə, müalicədən öncə bu sahədə təhlil aparılır. 

Yeni müalicə üsulunun tətbiqindən sonra isə xəstə təkrarən analiz-müayinə olunur. Və müalicədən əvvəlki nəticələrlər müalicədən sonrakı müalicə müqayisə edilir. Əgər müsbət dəyişiklik varsa, onda iddia olunan müalicə üsulu effektiv sayılır və onun kütləvi tətbiqinə icazə verilir”. 

Aydın Əliyev hicama üsulu ilə bağlı hansısa elmi araşdırmanın aparılması barədə onda hər hansı bir məlumatın olmadığını bildirib:

“Bu da o deməkdir ki, dünyəvi elm hicama üsulu ilə müalicəni qəbul etmir. Çox təəssüf ki, hicama müalicəsini müdafə edən adamlara bunu deyəndə onlar cavab verirlər ki, qan təzyiqini müalicə edir, immuniteti gücləndirir, şəkərin qarşısını alır və s. Bu əsaslandırılmış cavab deyil. Bu sadəcə heç bir elmi əsası olmayan iddiadır. Əminliklə deyə bilərəm ki, hicama üsulu ilə müalicə zamanı ixtiyari şəxs HİV, SPİD, Hepatit-C kimi qorxulu xəstəliklərə yoluxa bilər. Ona görə də bu müalicə üsulunu təbliğ edən və ondan yararlanan insanlar bir qədər diqqətli olsalar, yaxşıdır”.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın mövqeyi isə fərqli olub:

“Hicama “qan almaq” deməkdir. İnsanın qanı tüğyan etdiyi, yaxud qan dövranının pozulduğu vaxtlarda bu edilir. Təsadüfi deyil ki, qan vermək həm dünyəvi elmdə, həm də dində təqdir edilir. Hicama birinci növbədə dəri altına yığılmış qanın alınmasıdır. Bunun hesabına qaraciyər və başqa orqanların qanı tənzimlənir.  

Yaxşı olar ki, hicamanı tənqid edən həkimlər hicama zamanı insandan təmizlənən qanı analiz etsinlər. Görsünlər ki, o qan təmizdir, yoxsa çirkli. Bundan sonra hökm vermək olar. Həzrəti Peyğəmbərimizin hədislərində də var ki, xəstəlik üçdür, müalicəsi də üçdür, onlardan biri hicamadır. Bu, dədə-babadan bizdə olub. Faydası da var”.

İlahiyyatçı sözlərinə görə, dünyadakı dərman mafiyaları imkan vermir ki, hicama kimi müalicə üsulları geniş yayılsın:

“Halbuki Şərqdə, Türk Dünyasında təbii vasitələrlə müalicə üsulları var. Təəssüf ki, Azərbaycanda bu üsulu inkişaf etdirməyiblər. Hətta Azərbaycan Tibb Universitetində bu istiqamətdə şöbə ayrılmalıdır, akademiyada öyrənilməlidir. Əlbəttə ki, savadlı həkimlərimiz var. Onlar müəyyən xəstəliklərin müalicəsində təbii metodlarla - zəli, qara zirə, udi hindi, hicama, təbii bitkilərdən hazırlanmış dərmanlarla tövsiyələr verirlər, effekti olur. Heç olmasa Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” kitabını oxusunlar. AMEA tərəfindən geniş çap olunub. “Tibbnamə”də hicama və onun xüsusiyyətlərindən bəhs olunur”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin