“TƏBİB-in “nümunəvi” klinikası olan və bəzilərinin ağız dolusu danışdığı, əslində isə bərbad gündə olan Kliniki Tibbi Mərkəzdən (keçmiş “Semaşko”) lentə alınan bu görüntülər hər kəsi heyrətləndirir. Bu cür şəraitdə işləmək oradakı həkim və tibb işçilərinə sözün həqiqi mənasında əzab verir”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib.
“Gördüklərimdən heyrətə gəldim. Kanalizasiya sularının açıq şəkildə axıdılması, elektrik xəttlərinin açıq və təhlükəli şəkildə aparılması və digər faktları görəndə burda çalışanlara və müalicə alanlara yazığım gəldi. Zəngin tarixi və gözəl ənənələri olan bu tibb ocağındakı acınacaqlı vəziyyəti izah etməyə sadəcə söz tapmıram”.
Təqdim olunan faktlarla bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media