Son günlər ölkədə xüsusilə Bakıda yüksək hərarətlə müşahidə olunan soyuqdəymə, el arasında isə dediyimiz qrip yayılıb. Daha çox gənclər arasında müşahidə olunan qripə qarşı ənənəvi müalicə üsullarından istifadə edilsə də, bəzən aparılan klassik müalicə metodları effekt vermir və bu, ağırlaşma halları ilə nəticələnir.
Rəsmi statistikalarda bununla bağlı xəstəxanalara müraciət edənlərin olmadığı bildirilsə də, müşahidələr əksini deməyə əsas verir.
MÖVZU İLƏ BAĞLI:
Dünyada daha bir öldürücü virus gəlir – Bu dəfə Malayziyadan
Maraqlıdır, ölkənin epidemioloji durumunun sabit olduğu və vaksinasiya prosesinin davam etdiyi bir vaxtda qrip koronavirusu tətikləyə bilərmi?
Tanınmış infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında deyib ki, hava-damcı yolu ilə keçən infeksiyaya, ardınca isə koronavirusa yoluxma ağırlaşma, yaxud ölümlə nəticələnə bilər:
“İstənilən halda diaqnoz təsdiqlənməlidir və deməliyik ki, qrip, ya da soyuqdəymədir. İnsanlar özlərini normal temperaturda saxlamasa, küçəyə çıxsa, soyuqlasa, immunitetin aşağı düşməsinə səbəb ola bilər.
Soyuqdəyməsi olan şəxs koronavirusa yoluxsa, xəstəliyi daha ağır keçirə bilər və hətta ölüm halları çoxala bilər. Koronavirus kimi qrip və soyuqdəymə də hava damcı yolu ilə keçən infeksiyalardır.
Hamısının profilaktikası eyni prinsip üzrə gedir. Koronavirus üçün tətbiq etdiyimiz tədbirlər bütün hava damcı yolu ilə keçən infeksiyalar üçün keçərlidir.
Tövsiyyəm odur ki, ehtiyac olmadıqda soyuq havaya çıxmamaq lazımdır. Sosial məsafəyə hər zaman riayət olunmalıdır. Normal otaq temperaturunda oturmaq və çoxlu çay, mürəbbə qəbul etmək lazımdır.
Təbii meyvə və tərəvəzlərin qəbulundan çox istifadə etmək lazımdır ki, kəskin infeksiyalara tutulma olmasın”.
İnfeksionist Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun gələn ilin əvvəlində tədricən yoxa çıxacağı ilə bağlı açıqlamasında da münasibət bildirib. O, deyib ki, indidən heç kəs epidemik cəhətdən proqnoz verə bilməz:
“Ümumdünya Səhiyyə Təşkilatı fərz edə bilər, amma heç kəs konkret söz deyə bilməz. Pandemiyanın nə vaxt və necə bitəcəyini heç kim bilmir”.
Alçina Amilqızı, Bizim.Media