Azərbaycanda çalışmaq istəyən xarici həkimlərə şərait yaradılacaq – FOTO

Hazırda oxunan: Azərbaycanda çalışmaq istəyən xarici həkimlərə şərait yaradılacaq – FOTO

107892

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İcraçı direktoru Vüqar Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini davam etdirən 50-ə qədər azərbaycanlı həkimlə görüşü keçirilib.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilir ki, görüş TƏBİB-in, Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD), Alman-Azərbaycanlı Tibb İşçiləri Birliyinin (DAMV), Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin dəstəyilə baş tutub. 

Görüşdə Almaniyada çalışan həkimlərin Azərbaycan səhiyyəsinin transformasiyasına cəlb edilməsi yolları mövzusunda fikir mübadiləsi aparılıb. 

“Beyin ixracından beyin idxalına”, “Gələcəyin yol xəritəsi” mövzularında təqdimatlar keçirilib, azərbaycanlı həkimlərin Almaniyada həyata keçirdiyi işlər və layihələr barədə, eləcə də ölkəmizdə reallaşdırdıqları tibbi aksiyalar, konsiliumlar, 44 günlük Vətən müharibəsinin iştirakçılarına və şəhid ailələrinin üzvlərinə göstərdikləri müxtəlif tibbi dəstəklər barədə ətraflı məlumat verilib. 

Görüşdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xarici ölkələrdə təhsil alan və çalışan tibb işçilərinə Azərbaycan dövləti və səhiyyə sistemi tərəfindən hər zaman dəstək göstərildiyini, bu dəstəyin gələcəkdə də səylə davam etdiriləcəyini qeyd edib. O, təcrübəli mütəxəssisləri ölkəmizdə tibb sahəsində həyata keçirilən layihələrdə, tibbi aksiyalarda fəal iştiraka, təcrübələrini yerli kolleqaları ilə bölüşməyə, beynəlxalq standartlara uyğun təlimlərin təşkilinə çağırıb.


İcraçı direktor xaricdə yaşayan tibb işçilərinin müəllifi olduğu layihələrə və təşəbbüslərə TƏBİB-in istənilən dəstəyə hazır olduğunu vurğulayıb. 

Bundan başqa, V.Qurbanov Azərbaycanda fəaliyyət göstərmək istəyən tibb işçilərinə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində lazımi şəraitin yaradılacağını bildirib.

Almaniyada çalışan həkimlərimiz öz növbəsində görüşün əhəmiyyətini qeyd edib, fəaliyyətləri, Azərbaycan-Almaniya səhiyyə sisteminin oxşar və fərqli cəhətləri barədə məlumat veriblər.

Tədbirdə  uzman otorinolarinqoloq Cavid Hüseynzadə “Şəbəkələşmə” mövzusunda, eyni zamanda, “Facharzt” onlayn paltforması barədə, Heydelberq Universitetində elmi-tədqiqatlar üzrə çalışan Jalə Ağayeva “Kliniki proseslərin təhlili yolları Azərbaycan elminə açılan imkanlar”, Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının cərrahı Vüqar Yaqublu “Klinikada interdissiplinarlıq”,  damar cərrahı Sürəddin İsmayılov “Alman-Azərbaycanlı Tibb İşçiləri Birliyi ilə əməkdaşlıq”, uroloq Hikmət İsmayılov “Rezidentlər üçün mentorluq”, nüvə təbabəti mütəxəssisi Elşən Qarayev “Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi ilə əməkdaşlıq” mövzusunda təqdimatlarla çıxış ediblər.

Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Xeristof Reissfeıderə Azərbaycan ilə Almaniya arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi dəstəyə görə plaket təqdim olunub.
Sonda Vüqar Qurbanov görüş iştirakçılarının suallarını cavablandırıb, onların təkliflərini dinləyib.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin