Qoynunda tikilən məscidlərə, kilsələrə yalvar, bəlkə bağışlayalar səni!

Hazırda oxunan: Qoynunda tikilən məscidlərə, kilsələrə yalvar, bəlkə bağışlayalar səni!

98378
Moderator.az Elman Akifoğlunun "Kələklər şəhəri -  Bir qırıq Bakı" şeirini təqdim edir.

Bir qırıq ümid tapıram
Küçə - küçə dilənən uşaqların gözlərində,  ovuclarında isə "məni bu işə məcbur edirlər" yazısı görünür gözlərimə.. Qəpiklər siləcək o yazını..
Bəzən bir sevgi tapıram
Evlərin hasarlarında yazılmış şəkildə...
Bəzən iki sevgili  "Filarmoniya bağında"  musiqi sədalarına meydan oxuyurlar öpüşməklə, öz ehtirasdan ibarət sevgilərini Bakının milliliyinə sırımaqla...

Bakı...
Qız qalası...
Səndən özünü nə qədər oğlan atmalı idi ki,  adın qız qalmaya?
Bəlkə də buna ehtiyac yox idi...
Bakirəliyini "Alov qüllələri"  pozmalıydı bəlkə də...

Səndə yaşamaq da baha
Səndə ölməyin dəyəri 5000 manatdan da baha...
Səndə yaşamaq bir dərd,  səndə ölmək başqa bir dərd...
Bəzən canı qurtarır  bu xərcdən,  bu dərddən sənin xilaskarın Xəzərin dalğalarına təslim olmuş insan meyitlərinin...

Sənin qonaqpərvərliyinə şahid olmayan qalmadı..
Dostun da,  düşmənin də...
De görüm sənin tanrın olan Xəzər nə vermədi sənə?
İllərdi ayaqda tutmurmu səni?
Nankor...
Səxavət kasası boşalacaq və səbr kasası daşacaq bir gün....

Sən tanrısına üz çevirən birisən...
Çirkabını Xəzərinə axıdan Bakı...

Sənin gecələrin gözəldir səhərlərindən...
Səni fərqləndirir hardasa
Asiya şəhərlərindən...

Sənin  küçələrinin işıq dirəylərindən çox işıqlı sabahlara ehtiyacı var Bakı....
Sənin qışın qarında zülmətə boyun əyməyin belə bənzəmir qərbə..
Sənin boyun əyməyin belə fərqlidir...
Sən ki,  Xəzərin qucağındasan,  niyə yumur günahlarını?!
Niyə əhv diləmirsən?

Səni ayaqda tutan səndə əbədi yuxusunu tapmış şəhidlərdir
İnan....
Sənin gözəlliyinə nöqtə qoyan bayrağındı
torpağ haqqı...

Sən ki, Küləklər şəhərisən..
Lazım olan kasıbın daxmasını başına da uçura bilirsən..
Lazım olanda şorgöz maymaqların da arzularını yetirirsən - "Ey fələk,  eylə külək....."
Sən küləklər şəhəri statusunu itirmisən... Sənə rahatlıqla "Kələklər şəhəri"  deyərdim....
Sənin küləyin də kələkbazdı....
Qoynunda tikilən məscidlərə,  kilsələrə yalvar,  bəlkə bağışlayalar səni!
Bir qırıq Bakı...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin