Utanır ürəyim
Gözümə görünmür, qaçıb içimin
Küncündə dayanır ürəyim mənim.
Necə günahlıdı üzümə baxmır,
Utanır, utanır ürəyim mənim.
Yarımcan bir eşqin oduna düşüb,
Elə alışdıqca məni yandırır.
Vermir, bircə an da gün vermir mənə,
Hələ yaşadığım günü yandırır.
Neyləyim, nə vaxtdı sevgi dediyim,
Ömürlük bir həsrət cəzası olub.
Hər kəsdən xəbərsiz başıma gələn,
Ürəyin utanmaq bəlası olub.
Ölümə oyanan yuxuya yatım
Mənim ürəyimdən böyükdü dərdim,
Çəkib aparmağa gücüm də yoxdu
Yer yoxdu başımdan atım dərdimi
Dərdimin əlində Əlim soyuqdu.
Elə doymuşam ki, Ömürdən elə,
Bir göz qırpımında yox ola billəm.
Mənə gərək deyil nə çay, nə dəniz,
Elə göz yaşımda boğula billəm.
Çəkilsin əl - ayaq, düşsün qaranlıq,
Yığıb dərd-qəmimi bir küncə atım.
Bütün doğmalarla halallaşaraq
Ölümə oyanan yuxuya yatım...
Qayıt yollarını özünlə apar
Səni əllərimdən alıb aparan
Bəxtimə nə deyim, nə qarğış töküm?
Unuda bilmirəm, bilmirəm hələ,
Axı ətəyimdən necə daş töküm.
Gözlərim eləcə yol çəkə-çəkə
Yolların üstündə yuxusun tapar...
Ölərdim...nə yaxşı hey axtardığım
Bircə gözlərimin yuxusunda var.
Bəlkə də, bəlkə də dönə bilməsən
Xatirən bir ömür başımı qatar.
Yolların utanır baxışlarımdan,
Qayıt onları da özünlə apar.
Baş alıb gedirəm özümə sarı
Baş alıb gedirəm özümə sarı,
Hər addım atdıqca o uzaqlaşır.
Görəsən hayana tələsir belə,
Görəsən hayana ürəyi daşır.
Çata bilmirəm ki, özüm özümə
Məni də bu yerdən aparsın deyim.
Əllərim ovcunda it bata düşsün
Qalmasın özümdə daha heç nəyim.
Baş alıb gedirəm özümə sarı
Necə də çatmıram, çatmıram əcəb
Deyəsən, bir məktub sözlər dilimdə,
Sevgim ürəyimdə yoxa dönəcəm.
Mənim sənsizliyim yaman paxıldı
Gözümdən dünyanı elə salmısan
Heç daha gözümə ala bilmirəm.
Ömürdə günlərim qarışıb yaman,
Əl atıb sahmana sala bilmirəm.
Həsrətin əynimə elə yaraşıb
Özgə bər-bəzəyi, düzü, götürmür.
Mənim sənsizliyim yaman paxıldı,
Sənli günlərimi gözü götürmür.
Yığıb-yığışdırdım qalan günləri
Eləcə ölümü gözləmək üçün.
Bir ovuc sən olan xatirələri
Sənsiz həyatımdan gizləmək üçün...
Vəsiyyət
Sənsizliyə dözməyib əgər ölsəm bir səhər,
Həsrətli gözlərimi əlinlə bağlayarsan.
Ta doğum günümü də unudarsan, a zalım,
Bircə öldüyüm günü yadında saxlayarsan.
Ürəyindən xəbərsiz, ürəyindən uzaqda,
Görsən ki, soyuyuram, nəfəsinlə sar məni.
Gözünü dik gözümə, özünü unut biraz,
Çatacağım mənzilə qolunda apar məni.
Ölsəm belə qalacaq ruhum səndən nigaran,
Mən məzarda soyuduqca peşmanlıqdan yanarsan.
Sağlığımda ürəyinə yol tapmadım, sevdiyim,
Heç olmasa xatirəmi qəlbində basdırarsan.
***
Yenə yuxusuz bir gecə
Gedir əldən, gedir əldən.
Sevgimə kəfən biçirəm
Ağ vərəqdən, ağ vərəqdən...
Ay darılıb ulduzlara,
Həsrətindən bağrı yara,
Ləpələr qayalıqlara
Baxır gendən, baxır gendən.
Uzanıb, gecə uzanıb,
Ürəyim yol üstə qalıb,
Yarıma busə aparıb
Külək məndən, külək məndən.
Gəlib çıxmır son nəfəsim,
Yalnızlıqdır mənim fəslim
İçimdə qırılan səsim
Gəlir göydən, gəlir göydən...

































































































