Moderator.az şair Saday Şəkərlinin yeni şeirini oxuculara təqdim edir. Şeirdə Azərbaycan cəmiyyətinin əxlaqi-mənəvi durumu maraqlı poetik ifadələrlə əks edilib:
“üzünə
neft yaxılmış dəniz kimi ləkəliydi cəmiyyət,
qeyrəti, ləyaqəti oğurlandığından, oğru olmuşdu
özü də,
bircə hakim dalğalar cinayətkarları boğmaq
iqtidarında deyildi,
ya da fürsət gözləyirdi dəli tufanlar qopsun,
sərsəri küləklər əssin,
şimşəkli, ildırımlı yağışlar yağsın,
lakin, adamlar siçan
kimi haram ruziləri daşıyırdı,
oğurluq pullarla
divarları hörülmüş,
bünövrəsi xurafatdan
qoyulmuş uca imarətlərinə,
əkin yerlərində sünbüllər
başını aşağı sallamışdı xəcalətdən,
uşaqlar doğulan kimi,
döşləri qurumuş anaya baxıb ağlayırdı bu ölkədə,
oxunan ayələrə haqq
aldığından urvatsız olurdu mollaların duası,
savab qazanmağın
yollarını öyrənə bilmirdi Həccə gedənlər,
bayquşlar çoxdan
ulamışdılar bu dağılmış məmləkətin üstündə,
bircə mənim alnımdakı
yazıdan qorxmasaydılar,
alnımdakı ay işığı,
içimdəki vicdanın projektoruydu sanki,
uzağı görə bilən iti
gözlərini qamaşdırırdı bu yırtıcı quşların,
siçanlar arxayın azuqə yığır
ömürlərindən uzun bir zamana,
alnıma bir güllə çaxın,
xarabalıq olduğutək görünsün...”x9d


























































































