Moderator.az Azərbaycanın bənzərsiz şairi Rüstəm Behrudinin günümüzlə səsləşən ürək çırpıntılarını oxuculara təqdim edir:
"Bir qara kölgə gəzir. Aşıb həbsxana divarlarını şəhər-şəhər, küçə-küçə, ev-ev dolaşıb gəzir. Bu kölgə sözlərimizin, düşüncələrimizin, ruhumuzun üstünə çökür yavaş-yavaş.
Kölgə içindədi, kölgə,
Bu məmləkət, bu ölkə...
Qiyamət günüdü bəlkə,
Mənim xəbərim yoxdu, yox!
Və mən bu kölgə içində dibçəkdə bir çiçək tək can verirəm nə vaxtdı...Ancaq mən buna baxmayaraq, dərdlərimizin böyüklüyünə inandığım qədər də, göy üzünün təmizliyinə, ruhumuzun ölməzliyinə inandım:
Yoruldum, bitdim daha,
Bitdim mən dəli, sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm...
Getsəm, bəlkə də bir vaxt,
Ruhum əfv elər məni;
Bir kənd məzarlığına
Alıb gömsələr məni.
Nə yerdi bura,Tanrım,
Hər tərəf qan qoxuyur;
Çiçəklər yalan açır,
Quşlar yalan oxuyur.
Yalan qoxuyur torpaq,
Yalan qoxuyur su, hava...
Bazar yeridi, hər şey
Bədavadı, bədava...
Dərdə bax, burda canım--
Şüşədə divin canı.
Bu nə yerdi, gözəldi
Olandan olmayanı?
Nə yerdi bura, Allah,
Allahların sayı yox.
Ayaq basmağa yeri,
Əl açmağa göyü yox.
Yoruldum, bitdim daha,
Bitdim mən dəli sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm...
Və bir də, Allahlar olan yerdə Allah olmur...





























































































