Əvvəli bu linkdə---moderator.az/index.php?xeber=77163
Qeyd edək ki, Azərbaycan
məhəbbət dastanlarının araşdırılması, geniş tədqiqatlar mövzusuna çevrilməsi
uzun və gərgin bir tarixi yol keçmişdir. Bu proses ən görkəmli folklorşünas
alim və yazıçıların, akademiklərin ciddi polemikaları, müzakirə və mübahisələri,
bir-birinə zidd fikir və mülahizələri ilə müşayiət olunur. Akademik Həmid
Araslı, xalq yazıçısı Mirzə İbrahimov, Mirəli Seyidov, Feyzulla Qasımzadə,
Əlyar Qarabağlı, Əhliman Axundov, Fərhad Fərhadov, Səfurə Yaqubova, Paşa Əfəndiyev,
Məmmədhüseyn Təhmasib və başqa müəlliflər özlərinin bir sıra əsərlərində məhəbbət
dastanlarımızın tarixi, təsnifatı, yaranma üsulları ilə bağlı olduqca müxtəlif
səpkili fikir və mülahizələr söyləmişlər. Xüsusən bu dəyərli sənət incilərimizin
yaranma yolları haqqında irəli sürülən müddəalar öz müxtəlifliyi, necə deyərlər,
rəngarəngliyi ilə diqqəti cəlb edir. Belə ki, professor F.Qasımzadə “XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi”x9d adlı əsərində şifahi xalq ədəbiyyatına xüsusi yer ayıraraq,
bir sıra ustad el aşıqlarımızın həyat və yaradıcılıqları haqqında məlumat
verir, aşıq ədəbiyyatımızın tədqiqi və nəşri tarixindən, özünəməxsus xüsusiyyətlərindən
söz açır. Əsas şeir şəkillərimizdən olan qoşmanın, eləcə də aşıq ədəbiyyatımızın
ən mürəkkəb janrı sayılan təcnisin üzərində məxsusi dayanaraq, onların tarixindən,
bədii-poetik xüsusiyyətlərindən danışaraq, təsnifatlarını verir və nəhayət, məhəbbət
dastanlarımız, onların yaranma üsulları ilə bağlı maraqlı müddəalar irəli
sürür. Buna baxmayaraq müəllif adıçəkilən əsərində qəhrəmanlıq dastanları
haqqında bir kəlmə də demədən sevgi dastanlarını iki qrupa bölür. Qeyd edir ki,
birinci qrupa daxil olanlar əsl sevgi dastanlarıdır. Onlar dünyasını dəyişmiş
ustad aşıqların qoşma və gəraylıları əsasında onlardan sonra yaşayıb-yaradan
aşıqlar tərəfindən quraşdırılır.
Buna görə də həmin
dastanlarda iki üslub mövcud olur: “...“Yurd”x9d adlanan nağıl hissəsi dastan müəllifinə,
şeir hissəsi isə ustad xalq aşığına aid olurdu”x9d (12, 137). Bu fikrin özü
F.Qasımzadənin dastana yazılı ədəbiyyat nümunəsi kimi baxdığını, onun
struktur−semantikasını anlamadığını göstərir.
Akademik H.Araslı isə
“Aşıq yaradıcılığı”x9d adlı əsərində bu məsələyə toxunaraq, tamam fərqli qənaətə gəlir.
Onun fikrincə, dastanlarımız iki yox, üç üsulla yaranır. Onlardan birincisi
budur ki, “bəzi dastanlarda həqiqətən tarixdə yaşamış şəxsiyyətin adı ilə bağlı
müasirlərinin yaratdığı şeirlər həmin dastanın əsasını təşkil edir”x9d (2, 13). Bu
fikrinə dayaq vermək üçün müəllif “Koroğlu”x9d dastanını misal göstərsə də, hiss
olunur ki, başqa misallar tapıb, əlavə
etməkdə çətinlik çəkmişdir.
Təsnifatını davam etdirən
tədqiqatçı “Abbas və Gülgəz”x9d, “Qurbani”x9d, “Aşıq Qərib”x9d dastanlarını göstərərək,
bunları F.Qasımzadənin birinci hesab etdiyi ölüb getmiş ustad aşıqların şeirləri
əsasında başqaları tərəfindən quraşdırılmış ikinci qrup məhəbbət dastanlarına
aid edir. “Ustad aşıqlar haqqında sevgi dastanları bəzən onların özləri tərəfindən,
həyatda ikən yaradılırdı”x9d (2, 13) deyə bu cür yaranan dastanları isə H.Araslı
üçüncü üsulla ərsəyə gələn dastanlar adlandırırdı. Lakin bu qəbil dastanları F.Qasımzadə ikinci
üsulla yaranan dastanlar sırasına aid edərək
yazırdı: “...Dastanı aşıq özü yaradırdı”x9d (12, 137).
Qeyd edək ki, bu fikir
müxtəlifliyi təkcə H.Araslı ilə F.Qasımzadə çərçivəsində məhdudlaşmır.
Folklorşünaslıq elmimizdə məhəbbət dastanlarının yaranması yolları ilə bağlı
ziddiyyətli mülahizələr ötən əsrdə daha geniş arealı əhatə edirdi. Bir sıra
görkəmli folklor tədqiqatçımız məhəbbət dastanlarımızın ustad aşıqların qoşma və
gəraylıları əsasında onlar dünyalarını dəyişdikdən sonra yaşayıb-yaratmış
aşıqlar ”“ yəni onların şagirdləri və ya digər naməlum müəlliflər tərəfindən
yaradıldığı qənaətində olmuşlar. Bu fikir ilk vaxtlar tərəfdarlarının çoxluğuna
görə seçilmişdir. 1960-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi”x9d kitabında
XVII-XVIII əsrlərin görkəmli şair-aşıqları haqqında oçerkləri (4, 485-486) dərc
edilmiş Mirəli Seyidov da yuxarıda qeyd etdiyimiz fikri dəstəkləyərək, həmin
oçerklərdə “Abbas və Gülgəz”x9d, “Xəstə Qasım”x9d dastanlarının Tufarqanlı Abbasın və
Xəstə Qasımın şeirləri əsasında onlardan sonra yaşamış aşıqlar tərəfindən
yaradıldığını vurğulayır.
Akademik Mirzə
İbrahimovun da məhəbbət dastanlarımızla bağlı özünəməxsus fikirlərini nəzərə
çatdırmağı vacib hesab edirik. Onun şifahi xalq ədəbiyyatına, aşıq yaradıcılığına
həsr edilmiş bir sıra əsərləri diqqəti cəlb edir. Bunlardan müəllifin 1960-cı
illərdə dərc olunmuş “Tükənməz xəzinə”x9d (11, 316), “Aşıq poeziyasında realizm”x9d
(10, 165-187) və s. kimi məqalələri, hesab edirik, bu gün üçün də öz
aktuallığını qoruyub saxlamaqdadır. Akademik bu məqalələrdə aşıq yaradıcılığı və
dastanlarımızla bağlı olduqca seyrək toxunulan realizm məsələsini şərh və izah
etməklə yanaşı, “Abbas−Gülgəz”x9d, “Yaxşı−Yaman”x9d dastanlarını misal göstərərək, bu
qəbil dastanların Tufarqanlı Abbas və Sarı Aşığın qoşma və gəraylıları əsasında
başqa aşıqlar tərəfindən yaradılmış olması fikrini irəli sürən tədqiqatçılarla
dolayısı ilə də olsa, razılaşaraq yazır: “Abbas Tufarqanlının Gülgəz Pəri adlı
gözəl bir sevgilisi olmuşdur. Demək olar ki, Abbasın bütün qoşmalarında tərənnüm
edilmişdir. Abbas Gülgəzi doğrudan da yüksək romantik bir məhəbbətlə sevmiş
olmalıdır ki, ona həsr olunmuş şeirlərində böyük ürək çırpıntısı duyulur.
Sonralar bu şeirlər əsasında yuxarıda adını çəkdiyimiz “Abbas və Gülgəz”x9d
dastanı da yaranmışdır”x9d (10, 171).
Ümumiyyətlə, Azərbaycan
folklorşünaslığının, eləcə də məhəbbət dastanlarımızın ən görkəmli tədqiqatçılarından
olan Məmmədhüseyn Təhmasibin məhəbbət dastanlarının araşdırılması, tədqiqi və nəşri
sahəsindəki gərgin və ardıcıl zəhməti danılmazdır. Tədqiqatçı xüsusilə bu
dastanların yaranması yolları haqqında bir sıra fikirlər söyləyərək, şərhlər
vermiş, müqayisələr apararaq, bəzi qənaətlər ortaya qoymuşdur ki, onun bu səyləri
xüsusi qiymətləndirilməlidir.
Əvvəla qeyd edək ki, Məmmədhüseyn
Təhmasib məhəbbət dastanlarımızın əsasən ustad aşıqların qoşma və gəraylılarından
istifadə edilərək, onlardan sonra gələn aşıqlar tərəfindən yaradılması fikrini
irəli sürənlərin folklor tədqiqatçıları arasında əksəriyyət təşkil etdiyini və əvvəllər
özünün də bu qənaətlərlə şərik olduğunu etiraf edir. Lakin fikrini davam etdirərək yazır: “...Bir qədər ətraflı
araşdırmalar aydın göstərdi ki, bu, bizim məlum-məşhur ustad aşıqlarımıza qarşı
haqsızlıq, dastançılıq kimi mühüm bir yaradıcılıq prosesini isə görkəmli, qüdrətli
sənətkarların əlindən alıb, təsadüflərə bağlamaq kimi yanlış bir yoldur. Məgər
süjetli, konfliktli, surətli, səciyyəli, aşiqli, məşuqəli, “bağlama”x9d və
“açma”x9dlı, “duvaqqapma”x9d və “ustadnamə”x9dli dastan yaratmaq kiçik şeirlər, qoşmalar
yaratmaqdan çox asandırmı ki, bu ikincini ustadlara, birincini isə təsadüfi
“naməlum”x9dlara bağlayırıq?”x9d (14, 19-20).
Bizcə, professor Məmmədhüseyn
Təhmasibin bu fikri ilə tam razılaşmaq düzgün deyil. Çünki H.Araslı, F.Qasımzadə,
M.İbrahimov və bu kimi müəlliflərin qənaətlərinə, təsnifatlarına da müəyyən mənada
bəraət verilməsinə ehtiyac duyulur. Əvvəla bir vacib məqamı diqqətə çatdıraq
ki, “Abbas və Gülgəz”x9d, “Aşıq Qərib”x9d, “Qurbani”x9d, “Xəstə Qasım”x9d və digər məşhur məhəbbət
dastanlarının Tufarqanlı Abbas, Aşıq Qərib, Qurbani, Xəstə Qasım və başqaları
kimi ustad aşıqların şeirləri əsasında onlardan sonra gələn aşıqlar, onların öz
şagirdləri tərəfindən yaradılmasını qəbul etmək heç də həmin ustadlara qarşı
haqsızlıq və ya onları dastançılıq qüdrətindən məhrum eləmək kimi qiymətləndirilməməlidir.
Əksinə, adıçəkilən ustadlardan sonra gələn aşıqları (tutaq ki, heç onların
adları tarixdə qalmayıb. Əslində, qalmaya bilməz. Bəlkə də onlar sadəcə sədaqətlə
ustadlarına xidmət edərək, öz adlarını həmin dastanlara daxil etməyiblər) “təsadüfi”x9d
və “naməlumlar”x9d adlandırmaq ədalətsizlikdir. Ustadları haqqındakı məşhur
dastanları onların yaratmış olması müddəası, bizcə, heç də ustadları
dastançılıq qüdrətindən məhrum eləmir. Çünki həmin ustadların yaratdıqları neçə-neçə
başqa dastanın da mövcudluğunun məlum olduğunu professor Məmmədhüseyn Təhmasib
özü də etiraf edərək yazır: “Ən əsaslılarından biri də odur ki (yəni “Qurbani”x9d
dastanının Aşıq Qurbani, “Abbas−Gülgəz”x9din isə Tufarqanlı Abbas tərəfindən
yaradıldığını sübut edən dəlillərin ”“ C.İ.),
bu sənətkarların başqa dastanları da olmuşdur və vardır”x9d (14, 21). Amma bu dəlili
əsas götürərək, “Abbas−Gülgəz”x9din Tufarqanlı Abbas, “Qurbani”x9dninsə Aşıq Qurbani
tərəfindən yaradılmış olduğuna hökmən qərar vermək, fikrimizcə, o qədər də məntiqli
deyil.
Hesab edirik ki,
F.Qasımzadə, M.Seyidov və başqa tədqiqatçıların mülahizələri nisbətən daha
ağlabatandır. Bu nəticəyə gəlməyimizinsə bir neçə obiyektiv səbəbi var.
Birincisi, xalqın bir qədər ziyalı, saza-sözə, sənətə meyilli təbəqəsinin bir
sıra xüsusiyyətlərini nəzərdən keçirmək, onların qəhrəmanlıq, sevgi məsələlərinə
son dərəcə həssaslığını və emosionallığını, macəraçılığını diqqətdən kənarda
qoymamaq gərəkdir. Məlumdur ki, ustad aşıq, hansısa konkret bir sənətkar
olmadan belə, bütövlükdə xalq özü öz qəhrəmanını, eyni zamanda sevdiyi,
inandığı sənətkarını şişirdib, daha da böyüdüb, haqqında cürbəcür qeyri-adi, hətta
ağlasığmaz macəralar, əhvalat və hadisələr, o cümlədən nağıl, rəvayət və
dastanlar uydurub, fəxrlə, həvəslə söyləməyi, ağız-ağız gəzdirib-dolaşdırmağı hədsiz
dərəcədə xoşlayandır və bu potensiala malikdir. Bu halda xalqının sevimlisi
olan ustad aşığın özünün özü haqda, öz adı ilə bağlı dastan yaratmasına ehtiyac
qalırmı? Bizə elə gəlir ki, yox. Amma o qədər də tanınıb-sevilib hələ məşhurlaşmayan
şagirdlərin, cavan aşıqların məclislərdə xalqın daha çox diqqətini cəlb etmək,
sevgisini qazanmaq naminə məşhur ustadların şeirlərindən oxumağa, onların həyat
və yaradıcılıqları, istedadlarının qüdrəti, başlarına gələn əhvalat, hadisə və
macəralardan danışıb, auditoriyanı ələ almağa, təbii ki, çox böyük ehtiyacı
olur. Və bu ehtiyacı daha yüksək səviyyədə ödəmək istəyi və cəhdləri tam məntiqi
olaraq mümkündür ki, bu da həmin ustadlar haqqında mükəmməl dastanların yaranıb
formalaşmasına gətirib çıxara bilər.
Ardı var
Cəmilə Çiçək
(İsbəndiyarova)
AMEA Folklor İnstitutunun
doktorantı






























































































