Kəlbəcərli şair Hüseyn Mirzənin "Novruz tonqalı" şeirini oxuculara təqdim edirik:
Bu axşam ...
Bakıda bir tonqal çatdım,
Nə ardıcdan, nə gəvəndən!
Nə inamdan, nə güvəndən!...
Hər zirdən-zibildən ”“ nə tapa bilsəm,
Küçədən, qonşudan nə qapa bilsəm,
Topladım, bir qərib qalaq düzəltdim!
Kartondan, cındırdan calaq düzəltdim!
Növbənöv butulka, çoxlu salofan,
Aradım, topladım
”“ lap şişdi kafam!
Tonqal çatmaq istədim,
bu nədir, heyhat!
Əsl zibilxana düzəltdi həyat!
Gəlin, ey uşaqlar, ey görməmişlər!
Yanacaq nə varsa, axtarın, tapın!
Bu zibil tonqalın içinə atın!
Təmizlənsin barı bu küçə bir az,
Azalsın şəhərin zibil tayası.
Bəlkə saflaşsın havası az-maz,
Bir az öznə gəlsin abrı-həyası!
Bu axşam ...
Bakıda bir tonqal çatdım,
Novruz tonqalı!
Tullansın üstündən uşaqlar barı!
Yansın bu tonqalda dərdi, azarı!
Bir tonqala baxdım,
bir də Novruza!
Gördüm yaraşmayır,
Tonqal Novruza!
Bu tonqal üstündən atdanan adam,
Dərd itirməz, vallah, təzə dərd tapar!
Dayanın uşaqlar!
Sən də, ay bala!
Götür bu körpəni içəri apar!
...Gəlin, bütün zibilləri toplayaq,
Bir dəfəlik bu tonqala qalayaq!
Bu şəhərin vardır çoxlu bucağı,
Zir-zibillə dopdoludur qucağı!
Çox üzlər var, üzü bəzək ”“
içi tamam təzəkdi!
Çox təzək var, hələ yenə
bu millətə,
bu dövlətə bəzəkdi!
Yığaq,
bütün təzəkləri qalayaq,
Bizi didən tikanları bir-birinə dalayaq!
Yandıraq, yandıraq,
tonqalları çatmışıq!
Mənəm-mənəm deyənləri
çox tonqala atmışıq!
Ataq bu tonqala, heç çəkinmədən
İçimizdən qorxaqlığı,
alçaqlığı, təkəbbürü!
Qəlbimizdən keçən qara hisləri,
Paxıllığı, xəbisliyi, xəyanəti ”“
bütün nə var pisləri!
Ataq bu tonqalın içinə ataq!
Saflaşaq, paklasaq rahatca yataq!
Bu axşam ...
Bakıda bir tonqal çatdım,
Kim cilik gətirdi,
o od apardı!
Su bütün çirkləri yudu,
saf olsun!
Dərmansız dərdi də,
bu od apardı!
21 mart 2012. 02:30
































































































