Yanvarın on doqquzu sevimli şairimiz, millətimin istedadlı balası Zirəddin Qafarlının doğum günüdür. Şairin 60 yaşı tamam olur. Şair üçün 60 yaş az yaş deyil. Bunu Mikayıl Müşfiq, Yesenin, Puşkin, Səməd Vurğun, Əli Kərim, Eldar Baxış, Ağamalı Sadiq, Akif Səməd kimi şairlər öz qısa ömürlərində sübuta yetirdilər. Şair üçün 60 yaş az deyil. Şair üçün 60 yaş 60 illik ağrı-acıdır, əzabdır. Əzabın mübarək, Zirəddin Əfəndi.
Zirəddinin şairliyi Tanrı yüküdür. O, yükü anladığı üçün, o yükün ağırlığını çəkə bildiyi üçün şairdir Zirəddin Qafarlı...
Aşıq İlham Aslanbəylinin ifasında sevə-sevə dinlədiyimiz "Coban Əmi" şeri nişan verib mənə şair Zirəddini. O, şer mənim illərdən bəri hoylu qalan "Ağbaba" ağrımın laylasıdır. Bu laylanın bir müəllifi aşıq İlhamdırsa, bir müəllifi də Zirəddin Qafarlıdır. O, elin-elatın bağrından qopan Zirəddin Qafarlı. Köçünü vaxtsız sürüb getmiş coban Əhmədin oğlu Zirədddin Qafarlı. Bizim o yerlərin dağına qalxıb, dərəsinə enən, düzünə çıxan Zirəddin Qafarlı...
Zirəddinin heç bir fəxri adı olmasa da xalqının, millətinin yanında fəxrlə çəkiləcək adı var. Adının işığı var. Bu gün millətimizin hər şeydən öncə işığa ehtiyacı var. "Çöldə quruyan ağac da susuzluqdan daha çox işıqsızlıqdan quruyur" (E.Aslanbəyli) . İşığın mübarək şair...
Tofiq Namazov





























































































