Bəs kimə deyəcəksən?

Hazırda oxunan: Bəs kimə deyəcəksən?

55945

Moderator.az istedadlı şair Saqif Qaratorpaqın şerlərini təqdim edir.

Saqif QARATORPAQ (Babayev Saqif Qnyaz oğlu) -1963-cü il oktyabr ayının 26-da Qazax (indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.

Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Şeirləri “Ziyalı Ocağı”,“Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”,”Elimiz.günümüz”, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində, “Türkün səsi” dərgisində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvdür.”Hüseyn Arif” Ədəbi Birliyinin sədridir.”Şamın kölgəsi” (Bakı, “Adiloğlu”, 2006),“Bir könül varağında” (Bakı, “Ünsiyyət”, 2012), "Üç addım..." (Sumqayıt, "Bilik", 2014) şeirlər kitabının müəllifidir.

 

BƏS KIMƏ DEYƏCƏKSƏN

 

Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir

Sirr var ki, anaya da, bacıya da deyilmir.

Söz var ki, neçə batman bal ilə də yeyilmir,

Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

 

Bu möhnət üzər səni, sıxılarsan uzaqda:

Kövrəlib üşüyərsən təklik adlı sazaqda.

Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,

Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

 

Mən sevinc topasında qəmi seçə bilirəm,

Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.

Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-

Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

 

İllər köçür durnatək, günlər sözə baxmayır,

Səngidir ocaqları, oda-közə baxmayır.

Dostlar daha yan keçir, qardaş üzə baxmayır,

Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

 

Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,

Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.

Ürəyində nə varsa, deməsən də bilirəm,-

Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

 

SON ZƏNG

 

İnnən sonra başlanır hələ bizim dərsimiz,

Az qalırdı sındıra şüşələri səsimiz.

Lövhəyə dovşan çəkdik, bərk tutanda hirsimiz,

Yadındamı, a məktəb?!

 

Arı tək vızıldayıb, o quş uçurtduğum gün,

Uşaqları tovlayıb dərsdən qaçırtdığım gün.

Qızların üst-başına o su sıçratdığım gün

Yadındamı, a məktəb?!

 

Anam güclə durğuzub yerimdən səhər məni,

Qiymətim kəsiləndə boğardı qəhər məni.

Dostlarım ovudardı sonra birtəhər məni,

Yadındamı, a məktəb?!

 

Əmir müəllim çubuqla hey yandırıb yaxardı,

Pərgarın arasında əlimizi sıxardı.

Ağlağan uşaqların gözündən yaş axardı,

Yadındamı, a məktəb?!

 

Pəncərəni sındırıb, divarını cızmışam,

Səs salıb müəllimlərin əhvalını pozmuşam.

Bir gözəlin adını partalara yazmışam,

Yadındamı, a məktəb?!

 

Səndən ötrü burnumun ucu çox göynəyəcək,

Bu əkdiyin fidanlar qalxacaq, böyüyəcək.

Məndən sonra hələ çox məzunların deyəcək,

Yadındamı, a məktəb?!

 

Ürəyim bərk döyünür, son zəngə bir az qalır,

Köksüm altda alovum, o qoyduğun köz qalır.

Hərədən bir xatirə, bir-iki də söz qalır”¦

Bu gün səndən ayrılıb gedir balan, a məktəb!

Mən əlvida demirəm, bir də salam, a məktəb!

Yadındamı, a məktəb?!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin