Gül də köçkün oldu bizimtək, Allah...

Hazırda oxunan: Gül də köçkün oldu bizimtək, Allah...

51783
Moderator.az gənc şair Səxavət kəlbəcərlinin "Mən xarı bülbülü Murovda gördüm" şeirini oxucularına təqdim edir:






Deyirlər bitməzdi Şüşadan ayrı,
Mən xarı bülbülü Murovda gördüm.
Torpaq isinmişdi, bahar çağıydı,
Zərif ləçəyini qırovda gördüm.

Bilmirəm mən necə tab gətirirəm,
Özüm də yanıram sözüm tək, Allah.
Deyirəm həyatda dəhşətə bir bax,
Gül də köçkün oldu bizimtək, Allah.

Yoxsa ürəklərdə sönüb məhəbbət,
Bəlkə qəlbimizi qəm ovundurur?
Bizim başımızı qatıb yağılar,
Bəs köçkün gülləri kim ovundurur...?

Hər duyan ürəyin bir yarası var,
Ağlayan gözlərin yaşı da qandı.
Bu elə zülümdü, bu elə dərddi,
Bu dərdi namərd də, naşı da qandı...

Cəlladın əliylə doğrandı bənd-bənd,
Babəkin ürəyi oyuldu sanki.
Çəkildi qolları dar ağacına,
Nəsimi təzədən soyuldu sanki.

Gülləyə tuş gəldi nazlı gözəllər,
Körpə yandırdılar, yaşı bir -iki.
Xocalı dərdinə mən dərd demirəm,
Dərd onun yanında nə karədi ki...?

Əzizim gül də köçdü
Oba da, el də köçdü,
Dağ elə titrədi ki,
Qoynundan gül də köçdü...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin