Moderator.az qəlbi Vətən həsrətiylə döyünən şair Səxavət Kəlbəcərlinin şəhidlərimizin qisasına səsləyən şeirini oxuculara təqdim edir:
GƏRƏK YERDƏ QALMASIN ŞƏHİDLƏRİN AL QANI
Bir olaq yumruq kimi, xilas yolu bax budu,
Bu nisgil bu millətin, taleyidi, baxtıdı?
Sıralan vətən oğlu, daha qeyrət vaxtıdı,
Gərək yerdə qalmasın şəhidlərin al qanı,
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Daha bu uydurmalar bizi səbrdən etdi,
Yad ölkənin köməyi vaxtı keçmiş biletdi.
Sülh elə gəldi getdi, sülh belə gəldi getdi,
Ömür üçün yarandın vətən üçün qıy canı,
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Hayqırıb nərə çəkib zəncirləri qırmağa,
İşıqlı sabah kimi zülmətləri yarmağa,
Bu şeiri bu millətin qanına hopdurmağa,
Qəbirdənmi dirildim indi Xəlil Rzanı ?
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Şəhid olmaqdı arzum, arzulardan başdadı,
Əbədi heç nə yoxdu, şəhidlərsə yaşadı.
Şəhid adı Allahın bir adıyla qoşadı,
Şəhid üçün qaynayır bir Allahın qazanı,
Bütöv görməkdi arzum bütöv Azərbaycanı.
Silahlarda pas atıb, dəmir Qarabağ deyir,
Körpə ana döşünü əmmir,Qarabağ deyir.
Səxavət, ürək Vətən, ömür Qarabağ deyir,
Qarabağsız yurdumda bahar hanı, yaz hanı?
Bütöv görməkdi arzum bütöv Azərbaycanı...





























































































