"Anar estafeti gənclərə ötürməlidir"

Hazırda oxunan: "Anar estafeti gənclərə ötürməlidir"

48020

İyunun 17-də Azərbaycan yazıçılarının XII qurultayı keçiriləcək. Həmin qurultaya seçilmiş nümayəndələrdən biri də şair Məmməd Tahirdir. Moderator.az qurultayla bağlı onun fikirlərini öyrənib

-Ötən qurultay on il bundan əvvəl keçirilib. Bildiyimizə görə qurultay beş ildən bir keçirilməlidir. Növbəti qurultayın belə yubadılması hansı zərurətdən doğurdu?

-Qurultayın keçirilməsi adətən müəyyən təşkilati iş tələb edir. Ola bilsin, gecikmənin səbəbi də bununla bağlıdır. Amma etiraf etməliyəm ki, bu vəziyyət ədəbi ictimaiyyət arasında birmənalı qarşılanmadı. Hətta bir çoxları əsas səbəbin Yazıçılar Birliyinin indiki rəhbərliyinin öz mövqeyini qorumaq istəyi ilə izah etməyə çalışdılar. Təbii ki, bu narazılıqda subyektiv amillər də əsas rol oynayırdı. Heç kimə sir deyil ki, bir çox qələm sahibi Anarın idarəçiliyindən narazıdır. Bilirsiniz ki, yazıçılara evlərin paylanmasında, Prezident təqaüdünün verilməsində hər kəsi razı sala bilmərsən. Görünür, yazıçılar arasında Anara qarşı atipatiyanın yaranmasında bu münasibətlərin də payı az deyil. Bununla belə narazı kəslər bir sıra məqamlarda haqlıdırlar. Həqiqətən müxtəlif qələm əhlinə bəzən ikili standartla yanaşma halları müşahidə olunur. Bu da haqlı olaraq söz-söhbətlərə rəvac verir.

-Belə qurultayların keçirilməsi yazıçılara nə verir? Yəni yüksək səviyyəli əsərlər yazmaqda təsiri olurmu?

-Məncə yazıçı oturub əsərini yazmalıdı. Rəhbərlikdə kimin olmağının nə önəmi var? Əksinə intiriqalar vaxt aparır, yazıçının əsəblərinə təsir edir. Nəticədə yazılası yaxşı bir əsər intiriqanın qurbanı olur.

-Yeni qurultaydan nə gözləyirsiniz?

-Anar ağıllı adamdı. Məncə, o da bu cür intriqalardan yorulub və öz müsbət imicini yenidən bəpra etmək üçün sürpriz addım ata bilər. O, bəlkə də əvvəldən bu intriqalar mərkəzində dayanmasaydı, nəinki Azərbaycan, hətta dünya səviyyəsində ziyalı kimi tarixə düşərdi. Həqiqətən bu adam vaxtında çox işlər görüb. Həm yazıçı kimi, həm də ictimai xadim kimi. Düşünürəm ki, indi estafeti gənclərə ötürməyin vaxtı çatıb.

-Kimi real namizəd görürsünüz?

-İstedadlı yazıçılar çoxdu. Amma tək yazıçılıqla iş aşmır. Müəyyən idarəetmə təcrübəsi də vacibdir. Məncə, Yazıçılar Birliyinin yeni sədri gənclərdən olmalıdır. Mətbuatdan oxudum ki, AYB-nin Gənlər üzrə katibi Rəşad Məcidin adı da Anarın yerinə namizədlər arasında çəkilir. Düzü, buna çox sevindim. Güman edirəm ki, əgər o, seçilərsə bu, işimizin xeyrinə olar. Gözlənilməzliklər də istisna deyil. Ola da bilər, köhnə sədr yenə də qalıb fəaliyyətini davam etdirsin. Baxıb görərik. Hər şey kiçik zaman ərzində bəlli olacaq. Ümid edirəm ki, XII qurultay tarixi bir hadisə kimi hamımızın yadında qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin