Moderator.az publisist-şair Heydər Oğuzun daha bir şeirini oxuculara təqdim edir:
Ağrıdağ
Ağrı dağım, hardan aldın bu adı?
Ağrıdan kim, kim ağrıya yanandır?
Nəydi sənə ad qoyanın muradı,
Hansı dərdli bu adını qoyandır?
***
Ürək yaxan ağrın yaman ağırmış,
Şimşək duymuş bu acını, bağırmış.
Yaş tökməkdən göyün gözü ağarmış,
Kim desə ki, bulud ağdı, yalandır.
***
Ağlamasın, neyləsin ki, bu diyar?
Sinəsində sənin boyda yara var.
Bu yaranın pambığıdır bəyaz qar,
Sarğısı da üstündəki dumandır.
***
De, qardaşım, niyə belə getmisən,
Yurdumun tam ortasında bitmisən?
Canı təndən, təni candan etmisən,
O yanın da, bu yanın da Vətəndir!
***
Ayırmısan qardaşından qardaşı,
Bulaq ağlar, sel aparar dağ, daşı.
Araz çayı, tökmə bunca göz yaşı,
Yoxsa, Xəzər boğulacaq, amandır!
***
Bir yanında Karakösə, Iğdır, Van,
Digər yanın Vedi, Maku, İrəvan.
Ətəyindən tutub çəkər Naxçıvan,
O da sənin öz körpəcik balandır.
***
Güneylərdə Təbriz kimi bir aslan
Qan axıdır köksündəki yaradan.
Bəxtimizi qara yazmış Yaradan,
Qismətimiz ya ölümdür, ya qandır!
***
İxtitarsan, fələk bilməz yaşını.
Nuh gəmisi öpmüş hansı daşını?
Qara günlər ağartmışdır başını,
Bəyaz qarın o günlərdən qalandır.
***
Yurdumuzun öz dağısan, Ağrıdağ!
Yurdumuza göz dağısan, Ağrıdağ!
Gercəkdən də bir ağrısan, Ağrıdağ!
Sənin ağrın hər ağrıdan yamandır!

































































































