Almanlar o zaman Tovuzu Traubenfeld adlandırırdılar...

Hazırda oxunan: Almanlar o zaman Tovuzu Traubenfeld adlandırırdılar...

41531

      Dünya tarixinin ən möhtəşəm millətlərindən biri olan böyük Alman xalqı ilə Azərbaycanlılar arasında zaman-zaman möhkəm dostluq telləri mövcud olmuş və dostluq özünü xüsusilə XX əsrin əvvəllərində daha qabarıq büruzə vermişdir. Bir yazıçı olaraq bu maraqlı mövzu mənim də nəzərimdən yayınmamış və bu yaxında çap olunmuş  “ 27 ildən sonra “ kitabımda bu barədə geniş bəhs olunmuşdur. Belə ki, həmin kitabda  Alman və Azərbaycan xalqlarının tarixindən, almanların Azərbaycana gəlişindən, yerli camaatla almanların dostluğundan, yaxın əlaqələrini, necə ağıllı xalq olduğunu göstərmişəm. ( səh 159-dan başlayaraq )

Almanlar o zaman Tovuzu Traubenfeld adlandırırdılar. Onların Tovuza gətirdiyi meyvə və üzüm ağacları bugün də əhali arasında sevilir. Bizdə armuda elə indi də alman armudu deyilir.

Almanlar Tovuzda 8 küçə salmışdılar. Onlar küçələrin adlarını elə adlandırmışdılar ki, uzun illər keçsə belə, hətta sovet hakimiyyəti dövründə də bu adlar qalmışdı. Lenin, Karl Marks, Kəhriz küçələri son illərə qədər almanların adlandırdığı kimi çağırılırdı.

Almanlar Tovuzda futbol məktəbi də yaratmışdılar. Onların Roto-fam komandası ilə yerli komanda arasında yarışlar keçirilirdi. Hətta almanlar sürgün ediləndən sonra Tovuz futbolu alman ənənələrinə uyğun inkişaf edərək, 50-ci illərdə komandamızın qələbələrinə görə klubu Qafqaz  Braziliyası adlandırırdılar.

Almanlar Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmişdilər. Onlar həmin zirzəminin torpağından dam örtüyü və kərpic istehsal edən zavod və evlər tikmişdilər.

Azərbaycana ilk olaraq cins mal-qaranı almanlar gətirmişdilər. Sənaye üsulu ilə ilk yağ-pendir istehsalı zavodunu da almanlar Şəmkirdə tikmişdilər. Tovuzda Axınca çayı üzərində qurulmuş ilk SES-də almanlar ilə bağlıdır.

Siemens qardaşlarının KO şirkəti Gədəbəy və Daşkəsəndə filiz hasilatı ilə məşğul idilər.  1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 32 km olan 33 vaqondan ibarət 4 lokomotivli dəmir yolu çəkmişdilər.

Həmin vaxtlarda tikilmiş Xanlar şərab zavodunun da adını Siemens qardaşları qoymuşlar.

1914-cü ildə Birinci Dünya müharibəsi zamanı rus çarı II Nikolay Krım , Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanları Sibirə sürgün etmişdir. Bu vaxt Gəncə quberniyasında yaşayan almanların da köçürülməsi  gündəmdə idi. Rəfibəyov qardaşları, Paşa Qasımov Qafqaz canişininin yanına getmiş, almanlara zamin duraraq onların köçürülməsini dayandırmışlar.  Onu da qeyd edim ki, Paşa Qasımov mənim babamin qardaşldlr. Almanlar Xanlar rayonundan sürgün ediləndən sonra ermənilər alman evlərinə yerləşdirilmişlər. Eləcə də Şəmkir, Tovuz rayonlarında almanların evlərinə ermənilərin yerləşdirilməsi faktdır.

1941-ci ildə almanlar Azərbaycandan sürgün edilmişlər. Hələ o dövrdə erməni milyonçularının Azərbaycanda yeritdiyi terror və soyqırımı siyasətindən almanlar da əziyyət çəkmişlər.  1905-ci ildən 1907-ci ilin avqustunadək ermənilərin “ Daşnaksyutun” terror partiyası Yelendorf ( Xanlar ) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur etmişlər. Onlar o zamankı şərab istehsalşıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb etmişlər.  Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilmişdir. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına “ antisovetçi “ damğası vuraraq bildirmişdilər ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə almanlar böyük təntənə ilə dəstək verərək Azərbaycana gəlmələrinin 100 illiyini qeyd etmişlər. Ermənilər Azərbaycana həmrəy olan almanları güllələmişlər. Almanlar ermənilərdən çox acılı günlər görmüşdür.

1941-ci ildə rayonun hörmətli sakinlərindən biri olan Qasımov Paşanın evində yoxlama keçirilmişdir. Evdən alman kitabları tapıldığına görə onu həbsə almışlar.  Paşa Qasımov vaxtilə Qori seminariyasının Gəncədəki Tatar məktəbini oxumuşdu. Sonradan Azərbaycanın vəzifəli şəxsləri olmuş Həmid Sultanov, Musa Şəmşəddinski  Paşanın tələbə yoldaşları olmuşlar.Gəncə milisi Qara Camala Paşanı azad etməyə tapşırırlar.  Sonra Qasımovun evindən götürülmüş kitabları tərcümə etdirirlər, məlum olur ki,  bu kitabda dərmanların hazırlanması, xəstəliklərin müalicəsi, tibbə aid çox şey yazılıb. Kitab vasitəsilə dərman hazırlayıb, cəbhə bölgələrinə yollayırlar. Bu dərmanlar çox faydalı olduğu üçün Paşanı azad edərək ona pul mükafatı da vermişlər. Eyni zamanda Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonları birləşmiş olduğu vaxtlarda onu Rayon İcra Komitəsinin sədri təyin etmişdilər.  “ 27 ildən sonra “ kitabının 163 və 164-cü səhifələrdə 1937 ”“ci ildə çəkilmiş şəkillərdə  Paşa almanlarla birlikdədir.

1953-cü ildə babamın dostu Şoler Tovuza gəlir, Paşanın qonağı olur.  O, Qazaxıstanda olduğunu bildirərək Tovuzdakı xoş günlərinə çata bilməz deyir, həyatından danışır. O, Tovuzdakı kəhrizi inşa etdirmişdi. Babamla ora gedir, kəhrizin üstündə oturaraq ağlayır.

Atam Qasımov Qəzənfəri Şoler 1940-cı ildə bağçaya qoymuşdu. Həmin ildə o rus məktəbinə yerləşdirilmişdi. Şoler bir həftədən sonra Qazaxıstana gedir.

Babam Paşa kişi deyir: “ İəndən sonra rahat ölə bilərəm. Əmanəti sahibinə çatdırdım. “

 Atam deyir ki, Şoler və onun iki qızı həkim idi. Həmin kitablar da qızlarının idi. Almanları 1941-ci ildə  sürgün edərkən o, qızıllarını, qiymətli əşyalarını etibarlı dostu Paşa Qasımova saxlamağa vermişdi. O, 1953-cü ildə qızıllarını alır. Kitablarının müsadirə edildiyini eşidəndə babama deyibmiş ki, kaş bütün var-dövlətimi, qızıllarımı müsadirə edərdilər, kitablarımı yox. Babam isə Şolerə bildiribmiş ki, mənsə sevinirdim ki, Sovet hökuməti nə yaxşı qızılları tapmadı, kitabları tapdı.

Bu kitabda -“27 ildən sonra“ -Dağlıq Qarabağ müharibəsindən, Xocalı Soyqırımından, erməni vəhşiliyindən yazılıb. Alman vətəndaşı Markın qəhrəmanlığı, verdiyi obyektiv qərarlar bir daha alman xalqının humanist, ağıllı olduğunu göstərir. Bu kitabı oxuyanların çoxu mənimlə əlaqə saxlayaraq  Alman-Azərbaycan tarixi və dostluğundan çox şey öyrəndiklərini söyləyiblər.  O dövrdə alman ailəsi qız verib, qız almaqla azərbaycanlılarla qohum olmuşlar. İndi də Tovuzda belə ailələr var.

  Alman Azərbaycan tarixinin qısa bir hissəsidir.

Yaşasın Alman-Azərbaycan dostluğu!

 

                     Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,

yazıçı-publisist

 

  Cəlaləddin QASIMOV 

 

                                                                                                               

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin