“Tanrım, nə tez məndən aldın eniş-yoxuş, hamar ömrü?”

Hazırda oxunan: “Tanrım, nə tez məndən aldın eniş-yoxuş, hamar ömrü?”

37909


 

Ruslan Dost Əli: 20 yaşlı gənc şairdir. Bərdə rayonunun Xan-Ərəb kəndində anadan olub. Ali təhsili yoxdur. Yəqin ki, buna iqtisadi vəziyyəti imkan verməyib.

Saf, incəqəlbli, istedadlı gənc olan Ruslan hazırda Bakıda yaşayır. Müxtəlif yerlərdə işləyərək valideynlərinə köməklik göstərir. Ən böyük arzusu ali təhsil almaq, istedadıyla ədəbiyyatımıza, ictimai şüurumuza xidmət göstərməkdir. Bir milləti millət edən əsas dəyərin mədəni irsimiz olduğunu nəzərə alan hakim iradənin Ruslan Dost Əli kimi istedadların yetişməsində rol oynamasını təmənni edir və gənc şairin yaradıcılığından bəzi nümunələri diqqətinizə çatdırırıq.

 

 

Sal əlini aşağı

 

Sal əlini aşağı,

Bir də qoynuna qoyma!

Keçmiş günahlarını,

Mənim boynuma qoyma.

 

Ömrünün astarından

 Üzü nə qədər çıxıb.

 Günlərinin qarası

Üzünə qədər çıxıb.

 

 

Bax, səni gətirmişəm,

 Di, dur, özünü tanı.

Bəs, əlimdə tutduğum

 Şəkildəki qız hanı?

 

 

 İndi o qız yoxdusa,

 Qadın olmusan demək.

Eh.. QADIN olmusansa,

 Yadın olmusan demək.



Sal əlini aşağı,

 Bir də qoynuna qoyma.

 Keçmiş günahlarını

Mənim boynuma qoyma.

 

 

Bəxtin üzün ağ istədim

 

Tanrım, nə tez məndən aldın,

 Eniş-yoxuş, hamar ömrü?

Bu ömür verdiyin, çətin

Səndən bir də umar ömrü.

 

Bəxtin üzün ağ istədim,

Qaraldı, yağmaq istədim.

Mən də yaşamaq istədim

Sığal ömrü, tumar ömrü.

 

 

İçimdə hər gün - ah, qalıb.

Əlimdə hər günah qalıb.

Uduzmağa bir ruh qalıb,

Gəl bitirək qumar ömrü.

 

 

 

 

Kölgən yaxşı ki, varmış

 

Kölgən çox dəyişməyib,

Sənə baxan yerdə, ha...

Gözümə ağ görünür,

Kölgən düşən yer daha...

 

Çək pərdəni, güzgünə

Pəncərədən gün düşür.

 Yadıma sən düşəndə,

Divara kölgən düşür...

 

 

 Şəklini gün bozardıb,

Sən niyə qaralmısan...?

Yaylığın da qaradı,

 Olmazdı qaralmasan...?

 

 Sus! axı and içəsən

Ta,niyə? bildim səni...

 Kölgən yaxşı ki, varmış,

 Tanıya bildim səni...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin