Dost payı...

Hazırda oxunan: Dost payı...

129571
Gənc yazarların içində az-çox yola getdiyim adam Ayxan Ayvazdır. Bilmirəm, kimin sözüdür, deyir, ədəbiyyat adamları dost eləmir, düşmən eləyir. Bəlkə də öz sözüdür. Amma mən onunla dost ola bilmişəm. O, mənim ən yaxşı dostlarımdan biridir, bəlkə də birincisi. Sözsüz, birincisidir.xa0

Heç şübhəsiz, ilk yazılarım çap olunandan bu yana çox adam tanıdım, çox adamla fikrimiz haçalandı. Ayxan yeganə adamdır ki, nədən danışdıq, nə danışdıqsa sözümüz, gapımız bitəndə yenə həminki kimi qol-boyun olduq; bir gəzdik, bir dolaşdıq Bakının darıxdırıcı küçələrində; çünki heç vaxt ədəbi müzakirəni şəxsi müstəviyə daşımadıq.xa0

İndiki zamanda buna nail olmaq bir az çətin məsələdir, ancaq biz bacardıq. Ona görə ki, biri-birimizin zəif yerlərimizi bilirik. Dəfələrlə olub ki, tanışlardan kimsə məni özümdən çıxaranda Ayxan sakitləşdirib.xa0

O, çox sakit adamdır, əsəbləri yerindədir. Bir zəif cəhəti var: çox danışır. Nə oturana yer verir, nə durana. Bizim qazaxlılar demiş, suvadaq gedir. Sazdan çox danışır, ola bilsin, saza xatir ilk cümləsindən son cümləsinə qədər səbrlə qulaq asa bilirəm. Hərçənd, səbrsiz adamam.

Boyu balaca, yaşı məndən az olsa da, onunla oturub, duranda həmişə ölçünü gözləməyə çalışıram. Mütaliəsi həmişə məni qorxudub, orijinaldan oxuduğu rus ədəbiyyatını əla bilir. Yazıçılar var, adını ilk dəfə ondan eşitmişəm, hər eşitdiyimi oxumağa çalışmışam.xa0

Etiraf edim ki, qəzet, sayt səhifələrində görən vaxt ona nifrət edirdim, şəkillərdə müştəbeh görünür. Yavaş-yavaş tanıdıqca gördüm, heç də elə deyilmiş. Biri-birimizdən öyrəndiyimiz çox şey var.xa0

Klassik ədəbiyyatı, dastanları, ağız ədəbiyyatını mənimsədiyindən yazıda heç vaxt problemi olmur, dilin müxtəlif qatlarına enə bilir. Məsləhət götürən adam olmasam da, onun dediklərinə qulaq asmağa, oğurlamağa çalışıram həmişə.xa0

Ola bilər, istedadsızın biriyəm deyə, o mənimlə hər məsələdə razılaşır, eləcə də mən onunla. Bəlkə də böyük çıxacaq, amma bir şeyi yaxşı bilirəm ki, Ayxan mətndə heç səhvi güzəştə getmir.

İddia edirəm ki, yaşıdlarımızın sırasında nəsri ondan yaxşı bilən, yaxşı yazan yoxdur. Yazsa şeiri də alındırar, amma Nazim Hikmətdən sonra şeir yazmağı ayıb sayır.xa0

Hələ təzə-təzə tanış olanda "Evimizdən gecə reportajı" hekayəsini oxuyub, istedadına bələd olmuşdum. Sonralar "Monoton" hekayəsini də oxudum və bir sıra hekayələrinin ilk oxucusu kimi əmin oldum ki, onu ilk kitabı "Mən necə Polat Alemdar oldum" romanına görə, qınayanlar hökmən son dövr yazdığı hekayələrini oxumalıdırlar. Bu adam gələcəyin çox ciddi nasiri olacaq.

Bir sözlə, ideal adam deyil, amma heç ideal adam axtarışında da deyiləm. Fikrim, dostumun ad gününə dost payı yazmaq idi, onu da gücüm çatandan, ağlım kəsəndən yazdım. Tərif çox oldusa, üzrlü saymaya bilərsiniz, yazdıqlarım həqiqətdir. Lap tərif olsun, həmişə tənqid yazası deyilik ha! Siz də yazın dostlarınız haqqında.

Hikmət Orhun
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin