Moderator.az gənc yazıçı Mövlud Mövludun yeni hekayəsini təqdim edir.
”“ Tez gəl görəəək, gör camaat nə istəyir!
Qəmbərin kababxanasında bircə biz qalmışdıq ”“ mən, bir də dostum. Bu gün ona borc üçün üz tutmuşdum, geri qaytarmamışdı, “Axşam gəl verim, sonra da gedib bir çörək yeyərik”x9d deyib, kövrəltmişdi məni.
Həmişə gəldiyimiz yer idi. Hər dəfə ayrı adam qulluq eləyirdi. Hərdən də Qəmbər tək olurdu. Bu dar-düdük otaqda vur-tut üç qotur stola qulluq eləmək çətin olmasa da işləməyə gələnlər Qəmbərin xasiyyətinə dözməyib qaçırdılar. Bu gün bir arvad durmuşdu qulluğumuzda. Güllü yaylıqlı bir arvad.
”“ Mənim nənəmin də belə şalı var. ”“ Bunu mən dedim.
”“ Mənim anamın da. ”“ Bunu da dostum.
Onun anası mənim nənəm yaşdaydı.
Arvad mətbəxdən hövlnak gətirdiyi yaş külqabını qabağımıza qoydu. Qəmbərin səsi yazığı təntitmişdi.
”“ Çox sağ ol xala, narahat olma, işində ol. ”“ Bunu ya dostum dedi, ya mən, dəqiq yadımda deyil.
”“ Qəmbər kişi, nə olub yenə əsəbisən? ”“ soruşdum.
Arvad çarəsiz yaltaqlıqla gülüb, mətbəxə keçdi. Qəmbər sifariş verdiyimiz əti şişə çəkə-çəkə başını buladı:
”“ Görmürsən, qardaşoğlu, bayaq buna dedim ki, uşaqların stoluna külqabı qoy. Kimə deyirsən?
Qəmbər Ağdam köçkünüydü. Özünün dediyinə görə, müharibədə döyüşmüşdü. Əsəbiydi, işə götürdüyü adamlarla yollaşa bilmirdi. Neçə dəfə gələndə görmüşdük keçən səfər bizə qulluq eləyən oğlan yoxdur, soruşmuşduq oğlan hardadı? Demişdi qanmazın biriydi, qovdum getdi.
Arvad onun qışqır-bağırı, tənəli baxışları altında əzilə-əzilə bizə qulluq eləyəndə burda işləmiş cavanları fikirləşib, görəsən, bu yazıq nə qədər dözəcək deyirdik.
Kafenin içində cındırından cin ürkən bir sovet soyuducusu, o soyuducunun da üstündə balaca bir televizor vardı. Stollar dolu olanda, ağız deyəni qulaq eşitməyəndə Qəmbər televizorun səsini kəllə-çarxa qaldırırdı. İndi sakitlikdi, televizorun səsi pəsdən gəlirdi. Armudboğaz bir oğlan tələsə-tələsə danışıb ona verilən vaxtdan bacardıqca çox istifadə eləmək, bacardıqca çox söz işlətmək istəyirdi: “İnkişaf, uğurlu siyasət, neft strategiyası, bütün dünyada tanınmaq...”x9d
Qəmbər əti şişə çəkə-çəkə oğlana baxır, tez-tez bizə göz vururdu:
”“ Ay zırt!
O, şişləri götürüb manqala gedəndə qulluqçu arvad mətbəxdən çıxdı. Əllərini yanına sallayıb, gözlərini ekrana zillədi, barmaqlarının ucundan su damcılayırdı. Qoluyla burnunun suyunu silib boş stulların birində oturdu. Televizordakı oğlana qulaq asıb köks ötürdü:
”“ Adamın bir belə oğlu ola!
Sonra dediyini bizim də eşitdiyimizi görüb günahkarca gülümsədi. Gördüm utanır. Öz dərdimə çarə tapanda başqalarına da həssas oluram. Onu vəziyyətdən çıxarmaq üçün sözü dəyişdim:
”“ Özün buralı deyilsən, deyəsən?
Yox, ...danam ”“ Bir rayon adı dedi. Bura işləməyə gəlmişəm, oğlumla kirayədə qalıram.
Əri neçə il əvvəl ölübmüş. Ondan sonra iki oğul qalıb bunun öhdəsində. Böyük oğul 10 il əvvəl Surquta işləməyə gedib. Əvvəl-əvvəl tez-tez zəng edirmiş, pul göndərirmiş. Bir müddət keçib, əvvəl pulun, sonra zəngin arası seyrəlib. Axırda da ikisi birdən kəsilib ”“ xırıp!
Arvad deyirdi kəndlərində kitab açdırıb, baxıcı deyib ki, oğlun bir rusun cəngindədir. Əməl eləyib, onu özünə bağlayıb. “Xaçpərəst cadusu güclü olur, ay bala, arvad yana-yana dedi, tısbağanın ayağına öz adını, bir də kişinin adını yazırlar, aparıb atırlar dənizə. Vəssalam, yazıq müsəlman kişilərin dili -ağzı bağlanır”x9d.
Dostum qımışdı.
Tanış əhvalatıydı. Belə hekayətlər eşidəndə ağzının sarısı getməmiş ördək balası boydaydım. Sovet hökuməti dağılandan sonra bizim kəndin yarısı özləri demiş, Rusetə getmişdi. Çörəkpulu dalınca gedən cavanlar bir rusa ilişib orda qalırdılar. Böyük Vətən Müharibəsinin qan-qadasının içindən sağ-salamat qayıdan kişilərin övladları dünyanın düz vaxtı həmin yerlərə gedib gavur qızlarına əsir düşürdülər. Bir əlcə vaxtımdan kənd arvadlarını oğullarının arxasınca göz yaşı axıdan görmüşdüm.
- Bəs balacan?
”“ Burdadı, Bakıdadı, İnstut oxuyur. Qadının gözlərinə işıq qondu. Gündüz oxuyur, gecə işləyir.
Deyirəm bala, işləmə, sən oxu, yazıqsan, yorulursan. Deyir yox mama, sən tək çatdıra bilməzsən. Bakıya məktəbə qəbul olanda gəldi, mən də tək buraxmadım. Burda kirayə qalırıq. Kənddə evi qoyub gəlmişəm. Qaynım arvadı sağ olsun, hər gün gedib cücələrə dən verir.
Arvad elə bil bizimlə yox, öz-özünə danışırdı. Balaca oğlunu təsvir eləyirdi, boy-buxununu sevələyirdi, hər hərəkətindən, hər sözündən ləzzətlə söz açırdı.
”“ Mən nə deyirəm ki, ay bala, mən deyirəm, oxusun adam olsun. Bir yana çıxsın. Odu bax, qardaşı oxusaydı, rusun düzündə nə işi vardı? Qalardı öz elində-obasında, mən də bacım qızını alardım ona, atasının ruhu şad olardı. Bizə də bu zülmü verməzdi. Ona görə balacaya deyirəm, bax, oxu, oxu bir yana çıx. Mən də öləndə rahat ölüm.
Arvad danışıb-danışıb dayandı, nəyisə yadına salmaq istəyirmiş kimi gözlərini qıydı, bir az fikirləşəndən sonra dedi:
”“ Atası öləndə bunun iki yaşı var idi. Qonşular götürüb evlərinə aparmışdılar ki, əldə-ayaqda pələsəng olmasın.
Birdən diksinmiş kimi oldu, bizə öz dərdini danışmağından utanırmış kimi baxdı üzümüzə:
”“ Sizi də qoymadım çörəyinizi yeyəsiniz.
Heç birimiz danışmırdıq. Dostum siqaret çəkir, dişini qurdalayardı.
Nigaran idi, qorxurdu biz Qəmbərə nəsə deyək, o da gəlib başının üstünə kəsdirə ki, niyə qaramatını müştərinin üstünə tökürsən? Gözündəki narahatlıq məni də sıxırdı. Həmişə belə olanda çaş-baş qalıram. Söz tapıb deyə bilmirəm.
Sükutu arvadın özü pozdu:
”“ Atandı? ”“ Dostumu göstərdi.
Söhbətin havasının birdən dəyişməyi əl-qolumu açdı, ürəkləndim. Elə ağzımı açıb, cavab vermək istəyirdim ki öz-özümə dedim: “Yox bu gün burdan kefsiz çıxdı yoxdu”x9d.
”“ Yox xala, atalığımdı!
Əvvəl elə bildi yaxşı eşitməyib:
”“ Nəyindi?
”“ Atalığım!
Dostumun nazik bığları gülüşünü gizlətməkdə aciz qaldı. Mənim də tüküm durulmuşdu. Xala beynindəki qarma-qarış fikirləri yer-yurd eləməyə macal tapmamış söhbətin dalını danışdım:
”“ Bu kişi atamın dostu idi. Atam öləndən sonra qardaşım bunun mağazasında işlədi. Tez-tez bizə gəlib-gedirdi. Yoldaşı on il əvvəl ölüb. Bayramlarda ət, çay, qənd, nə bilim, Allah verəndən pay gətirirdi bizə. Anam həmişə başına and içirdi, deyirdi, Allah canını sağ eləsin, bizim yetimlərə ata əvəzisən.
Bir gün, ay xala, qardaşım gəlib dedi ki, bəs bizim müdir mamamı almaq istəyir, sən nə deyirsən? Biz də yetimçilik görmüşdük. Bilirdik ki, başsız olmaq çətindi. Vallah, indiki zəmanədə ərsiz arvad olmaq zülmlü işdi, sən də məni bağışla, hər tində bir oğraş var. Biri şər atır, biri pis söz deyir. Fikirləşdik ki, anamız cavandı, ərsiz qalıb yüz tənə eşitməkdənsə, qoy öz dostumuza, evimizə gedib-gələn adama qismət olsun. Qardaş da sağ olsun, anamı alandan sonra məni mağazaya işə götürdü, indi o gün məhəllədə eşidirəm, deyirmişlər ki, guya mamamı alıb, məni də işə götürüb. Yalan söhbətdi axı. Mən işi bilməsəm, tənbəl olsam, ondan sonra canım sənə desin, saat yeddidə durub maqazini açmasam, kim saxlayar məni işdə? Yenə sağ olsun, bu kişi bizim bütün ailəni qanadı altına aldı. Yoxsa indiki qarışıq zamanda gedib oğruya-quldura qoşulardıq.
Arvad ağzı açıq, əli qulağının dibində qulaq asırdı, gözlərinin heyrəti getmişdi, əvəzində heyranlıq var idi. Mən danışdıqca tez-tez çönüb dostuma baxır, onu qibtəylə, bir az da minnətdarlıq duyğusu ilə süzürdü. Dostum onun heyranlığı qarşısında özünü güclə saxlayırdı, altdan-altdan söyürdü mənə.
Danışdığım əhvalatı bir anın içində uydurmağım, bəzəyib-düzəməyim özümə də qəribə gəldi. Səhərdən danışan mən deyildim, başqa adam idi, mən qulaq asırdım ”“ dostum qulaq asan kimi, arvad qulaq asan kimi. Mənə elə gəldi ki, danışdıqlarıma özüm də inanmışam, narahat oldum, əvvəl dostuma, sonra arvadın heyran-heyran baxan gözlərinə baxdım, ürəklərinin ən dərin guşəsinə enmək, içlərindən keçəni oxumaq istədim.
Qəmbər əlində şiş tüstülənə-tüstülənə içəri girən kimi xala ayağa qalxdı. Pişik kimi sivişib mətbəxə qaçdı.
”“ Gəl camaatın qabını dəyiş. Buralar sür-sümükdü.
”“ Narahat olma, Qəmbər kişi.
Arvad qabımızı dəyişəndə yavaşca başını qaldırıb Qəmbərə baxdı, onun başının qarışıq olduğunu görüb, sirli-sirpicli adam kimi sakitcə əliylə dostumu göstərib, üzünü mənə tutdu:
”“ Bu kişi bu dünyada cənnətini qazanıb! Allah onun ömrünü uzun eləsin.
Mətbəxə tərəf gedə-gedə dərdli-dərdli ah çəkdi.
Kafedən çıxmışdıq. Dostum gülməkdən uğunmuşdu. Birtəhər özünü ələ aldı:
”“ Sənin meymun olduğunu bilirdim, amma belə bilmirdim. ”“ Təzədən bir də gözünü yumub qarnını yırğalaya-yırğalaya güldü.
Bir həftə sonra o kafeyə bir də getdik. Qəmbər xalanı da qovmuşdu: “Ürəyim qurban, mən kantuziyalı adamam, yola gedə bilmirəm. Bundan sonra özüm qulluq eləyəcəm”x9d.



































































































