"Mən dəfələrlə bu barədə yazmışam. AYB ləğv olunmalıdır. Xüsusən son 10 ildəki fəaliyyətini nəzərə alıb AYB-ni ləğv etməli, müstəqil yaradıcı təşkilatların yaradılmasına dəstək vermək lazımdır".
Bunu Moderator.az-a açıqlamasında yazıçı Cəlil Cavanşir bildirib.
Cəlil Cavanşir deyib ki, Azərbaycan yazıçılarına da qrant verən qurum olmalıdır: "QHT-lərə Dövlət Dəstəyi Şurası, KİVDF nümunəsində yazıçılara qrantlar verən bir qurum olmalıdır. Dövlət Rəşad Məcidə də, Rasim Qaracaya da, Xanəmirə də, eyni şərait yaratmalıdır. Yaradıcı birliklər ədəbiyyatın inkişafı ilə bağlı müstəqil layihələr həyata keçirməli, dövlət daha mükəmməl layihələri dəstəkləməlidir. Sözsüz ki, obyektiv və subyektiv səbəblərdən dövlət AYB-ni əldən buraxmayacaq. İldə 30-40 bivec, ağzı qatıqkəsməyən, yaradıcılıqdan minlərlə kilometr uzaq insanlara təqaüd verilir. Hardadır o təqaüdçülər, hanı onların uğurları? Olduqca gülməli vəziyyətdir. Ölkənin bu ağır günündə ümid edirəm ki, AYB-nin sağa-sola səpələdiyi təqaüdlər ləğv ediləcək. 2016-cı ildə AYB adlı kəsavətli, paslanmış, çürümüş təşkilatın da ləğv ediləcəyinə böyük ümidim var".
































































































