Yaşayan, yaşadan ənənələr...

Hazırda oxunan: Yaşayan, yaşadan ənənələr...

111403
Moderator.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) yeni qələmə aldığı “Əyyub və Sənəm dastanı”x9dilə bağlı yazdığı “Yaşayan, yaşadan ənənələr”x9d yazısını təqdim edir:
                                                 
                                       
Gəlimli, gedimli, son ucu ölümlü dünyanın adamları ömür adlı möhlətlərində ov ovlaya-ovlaya, quş quşlaya-quşlaya qayaları şəkilləndirməyə, qavaldaşları səsləndirməyə, sözləri naxışlandırmağa da vaxt tapmışlar. Onların doğulanlar üçün laylaları doğulmuş, olanlar üçün oxşamaları, bayatıları, gözəlləmələri, ölənlər üçün ağıları yaranmışdır. İcmalardan toplumlara, onlardan da millətlərə çevrildikcə yaradıcılıqları da böyümüş, monumentallaşmış, yaradıcılıqlarının bütün formalarını bir vəhdətdə birləşdirmişlər. Yəni artıq onlar sevgilərindən, rəşadətlərindən boy boylamağa, onları dastanlaşdırmağa başlamışlar.

Beləliklə, xalqların qəhrəmanlıq və məhəbbət dastanları qopuzlu, sazlı-sözlü şəkildə bəstələnmiş, süslənmiş, meydan tamaşalarında milləti başına toplaya bilmişdir.
Xalqımız üçün məhəbbətin və rəşadətin sintezindən yaranmış Dədə Qorqud dastanları həmin sahənin həm özül daşı, həm etalonu, həm də ən monumental nümunəsi hesab edilə bilər. 
Dastanları (xalq yaradıcılığının bütün janrlarını qanadları altına ala bilmiş xalq epopeyalarını) bədii sözümüzün xalqın yüz ölçüb, bir biçdiyi poetik əlbisə hesab etmək olar. 
Mövlanə Cəlaləddin Ruminin belə bir kəlamı var:

Çox insanlar gördüm, əynində libası yox,
Çox libaslar gördüm, içində insanı yox.

Bizim qəhrəmanlıq dastanlarını toppuzlu, qopuzlu Koroğlu misallı igidlərimizin “Misri”x9d üstə, misri qılınclı hərbi əlbisəsinə, məhəbbət dastanlarımızı aşıq havacatlarının gözəlləmələriylə butalanmış əvəzsiz paltarlarına bənzətmək olar. Onların hamısının da içində doğma insanlarımız bir libas alıb içindəkilərə, içindəkilər libaslarına yaraşıb bir xalqın söz yaradıcılığının vəhdətinə çevrilə bilir.
Qəhrəmanlıq dastanları xalqın igid övladlarının rəşadəti eldən-elə yayılanda zamanın özünün diktəsi ilə dəli nərəsiylə üstələnməyə, məhəbbət dastanları aşiqlərin ülvi sevdaları dildən-dilə düşəndə ilham ocağı, kürəsiylə bəstələnməyə başlayır.
Son illər milli-mənəvi dəyərlərimizə, xüsusən muğam sənətinə, aşıq yaradıcılığına verilən qiymət yeni-yeni sənət əsərlərinin, istedadların üzə çıxmasına səbəb olmuşdur.
Zəngin aşıq yaradıcılığında mühüm yer tutan məşhur dastanlarımıza yenilərinin əlavə olunması isə onu göstərir ki, sivilizasiyanın, inkişafın, tərəqqinin fonunda belə milli mənəviyyatımız, ənənəmiz unudulmayıb. Bu, sevindirici haldır.
Janrından aslı olmayaraq üzə çıxan hər bir yaxşı əsər milli özünüdərkin, özünəqayıdışın təsdiqidir. Bu mənada yeni yaranmış “Əyyub və Sənəm dastanı”x9d da ənənələrimizə söykənir. Bu yerdə böyük şairimiz Məmməd Arazın misraları yada düşür:

Dünənimə qəbir qazan deyiləm,
Nə qədər ki öz əlimdi yazanım.

“Əyyub və Sənəm”x9d dastanı saf, ülvi məhəbbətlə bir-birini sevən iki gəncin ”“ Əyyubla Sənəmin nakam taleyindən bəhs edir. Min illərdən bəri yol gələn, ədəbi qəhrəmanlarımızın yoluna sərhəd, sədd çəkən zərərli adət və ənənələr, qadağalar dastanda hədəf götürülmüşdür. Bir-birini böyük məhəbbətlə sevən Əyyub və Sənəmin yolunda guya qızının xoşbəxtliyini istəyən, amma əslində onu ölümə sürükləyən bədbəxt ata və ana dayanır.
Günümüzün gerçəkliyi, reallığı olan oxşar epizodlarda nə qədər sevən gəncimiz valideyn cahilliyinin qurbanı olub və olmaqdadır.
Bu dastanın da əsas qayəsi saf duyğuyla, açıq qəlblə bir-birini sevən gənclərimizə inam, etibar hissi aşılamaqdır. “Əyyub və Sənəm”x9d dastanı da, klassik dastanlarımız kimi, ustadnamə ilə başlayır:
 
Dada çağırmaqdan qabardı dillər, 
Dindar  “Allah”x9d dedi hər dolaşanda. 
Suyun artır, dənin azalt, daban ver, 
Daşı hərləyərmi pər dolaşanda?
 
Doğrudan da insanın sevgisinin daşa dəyməsi onun həyat, yaşam ritmini pozur, bədbinliyə, bədbəxtliyə düçar edir. Dünyanı yaşadan da, qoruyub əzizləyən də sevgidir.

Sazın dastanı var, tarın muğamı, 
Muğamın qəhrini sim sarı çəkər. 
Allah özü naşılardan saxlasın, 
Naşının əlində sim sarı çəkər.

Dastanın ustadnaməsində verilən, sarı simə toxunan bu misralarda təkcə sevənlərin yox, elə həssas duyğulu hər kəsin naşılar, nadanlar tərəfindən duyulmamasına, belə insanların ürəklərində nələr çəkməsinə işarə edilir.

Dastanda baş verən hadisələrin Kəlbəcərdə cərəyan etməsi də bir simvolik məna daşıyır. Burada Miskin Abdalın, Aşıq Ələsgərin, şair Qurbanın, Aşıq Şəmşirin, Səməd Vurğunun ölməz ruhu yaşayır. Bir yaylaq, köç havası, aran yanğısı, yüzillər boyu Qarabağ camaatının saflığını, simsarlığını özündə əks etdirən elat ruhu bu dastanın mayasıdı.
Dastanda adları çəkilən bulaqlarımız, dağlarımız, dərələrimiz, cığırlarımız, dumanımız belə qədim dastanlardakı doğmalığı xatırladır. Ona görə bulaqdan yarpız ətri gəlir. Dağ döşündə kəklikotu, qırxbuğum nəfəsi duyulur.

Bulağın başı adətən görüş yeri olub həmişə. “Əyyub və Sənəm”x9d dastanında da sevənlər bir-birini bulaq başında görürlər.

Yığdığınız bu yarpızın 
Dadını bilmək olarmı? 
Bu dodağı xallı qızın
Adını bilmək olarmı? 

Qız: 

Bir dəstə gül bir qız almır, 
Tələsmə, oğlan, tələsmə! 
Sizlərdə bu nə qaydadır? 
Deyil ki talan, tələsmə! 

Əyyub: 

Şimşək kimi çaxışının, 
Bulaq kimi axışının, 
O sehirli baxışının 
Odunu bilmək olarmı?


Bir çox klassik dastanlarımızda səciyyəvi olan sınaq, “sevgi imtahanı”x9d bu dastanımıza da xarakterikdir. Sənəm oğlana tələsməməyi, qarşısındakı qızın əxlaqına, mənəviyyatına hörmət etməyi məsləhət görür. Əyyub da, elə bil, yuxudan ayılır, sevdiyi qızın ağlına, duyğu və düşüncələrinə heyran olur.
Burada da biz sevənlərin diliylə bugünkü gəncliyi ailə məsələsində yüz ölçüb, bir biçməyə, düşünüb-daşınmağa çağırırıq. Çünki yaxşı ailə həm də cəmiyyətin saflığı, möhkəmliyidir.
Dastanda qarşılıqlı verilən sorğu-suallar da zəngin mənəviyyata, əxlaqa xidmət edir.

Sənəm:  

Sizin elin qonağıyam, 
El qaydasın bilmirsənmi? 
Mən də bir elin qızıyam, 
El sevdasın bilmirsənmi? 

Əyyub:
 
Göydən gəlmiş bir mələksən, 
Gözəllikdə görənəksən. 
Axı mənə sən gərəksən, 
Gərəyimi bilmirsənmi? 

Sənəm:
 
Bir ibrət al öz eybindən, 
Gör nə deyər gəlib-gedən? 
Elçi gedib qız evindən 
Qız almasın bilmirsənmi? 

Əyyub:
 
İstəyimə külək demə, 
“Əyyub, məndən əl çək”x9d demə. 
Bu sevgimə “kələk”x9d demə, 
Ürəyimi bilmirsənmi? 

Dastanda həm də elat camaatının adət-ənənəsini, gələnəklərini, mərdliyini, qəhrəmanlığını verməyə çalışmışıq. At minən, cıdır yarışına çıxan qızlarımız sevgi imtahanından da alnıaçıq, üzüağ çıxmaq istəyirlər. Ancaq keçmişdən qalan, bu gün də davam edən var-dövlət  hərisliyi, övladın arzu və istəyi ilə hesablaşmamaq duyğusu ailə münaqişəsinə, faciələrə yol açır.

Övladın hiss və duyğularına hörmət etməmək, əslində, onu xoşbəxtlikdən çox bədbəxtliyin acı girdabına yuvarlatmaq deməkdir.

Sənəm də son nəticədə xoşbəxt ola bilmir. Qaçırıldığını, aldadıldığını bilib özünü çaya atır, sulara qərq olur.

Dastanın finalının belə acı sonluqla bitməsi də bir həyat dərsidir.

Sonda onu da qeyd etmək istəyirəm ki, “Əyyub və Sənəm”x9d dastanını məhəbbət şairi Əyyub Cabbarovun şeirlər toplusunun motivləri əsasında qələmə almışıq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin