Sonsuz yalnızlığımız
Əvvəl nənə-babamız,
Sonra ata-anamız
Gedirlər... və başlanır
Sonsuz yalnızlığımız.
Allaha sual verib
Sormağın mənası yox,
Allahın özünün də
Sualla arası yox.
Və bu həsrət dayanmır,
Ara vermir bircə an
Və getdikcə daha çox
Özünlə danışırsan...
Qalanlar “görüşsə”x9d də
Skype-da, internetdə
Biz birlikdə tənhayıq
Bu boyda planetdə
Yalnızlıq davam edir
Söhbətlər bitənədək
Yorulub və darıxıb,
Bizlər də gedənədək...
7 Sentyabr, 2015, London
Qayıtmayan
Qayıtmayan şeylər vardır -
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik”x9d deyən dostlar,
Gedir və bizə qayıtmır.
Uşaqkən sevdiyin qadın,
Bu gün olubdur arvadın,
Nə dərdin var? Gözün aydın!
Gözüm aydın... amma qadın...
Qadın o qıza qayıtmır...
Əvvəlcə söz ölüb derlər
Söz-söz düzəlir cümlələr,
Gah öldürər, gah dirildər -
Peşman olsan da nə qədər,
Cümlələr sözə qayıtmır.
Başımıza tökəndə qar
Qızındıran təsəlli var,
Təkrar-təkrar gəlir bahar!
Gəlir, gəlir, gəlir...Amma
İnsan O yaza qayıtmır...
Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik”x9d deyən dostlar
Gedir və bizə qayıtmır...
3 Fevral, 2014, London
Yeri gəlmişkən
Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən...
Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa...
Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən...
Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.
Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”x9d...
Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən...
Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış, qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.
Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq”x9d Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi:
“Adım Katerindir, yeri gəlmişkən”x9d...
Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.
Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..
Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu...
Adı Katerindi, yeri gəlmişkən...





























































































