Fransa şirkətləri Azərbaycanda nə ilə məşğuldur? – Makronu danışdıran SƏBƏB

Hazırda oxunan: Fransa şirkətləri Azərbaycanda nə ilə məşğuldur? – Makronu danışdıran SƏBƏB

99530

Yola saldığımız həftə enerji xəbərləri baxımından xeyli zəngin olub. İstər ölkə daxilində, istərsə də ölkə xaricində. Onların daha mühümləri üzərində xüsuilə dayanacam ki, biləsiniz Azərbaycanın qazına maraq haradan və necə qaynaqlanır. Təbii ki, ölkənizin ətrafında da enerji ilə bağlı müxtəlif hadisələr cərəyan edir, onların bu və digər halda Azərbaycana təsirləri də mövcuddur. Özü də təkcə müsbət mənada yox. 

Bu həftə Azərbaycanın qazına birbaşa daş atan xarici qüvvələr də ortaya çıxdı.  

Fransadan Azərbaycan qazına çəp baxış. Yəqin 44 günlük müharibə zamanı 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun həmsədri olan Fransanın Ermənistanyönlü tutduğu tərəfli mövqe yadınızdadır.
 

MÖVZU İLƏ BAĞLI:

"Fransa ilə əlaqələri kəsməliyik" - Fəzail Ağamalı  


Aradan iki il keçəndən sonra rəsmi Paris birdən birə Azərbaycana qarşı indiyə qədər cürət etmədiyi ittihamlar səsləndirib. Söhbət Fransa Prezidenti Emmanuel Makronun Tv müsahibəsində birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda tolerantlıq, sülh uğrunda mübarizə apardığını, Qarabağın mübahisəli ərazi olduğunu qeyd edib. Daha sonra Makron bir az da irəli gedərək, Azərbaycanın bu ərazini “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. 

Ermənilər üçün ürəyi yandığını deyən Makron Azərbaycan qazından da yan keçməyib. Bildirib ki, Fransa Azərbaycandan nə qaz, nə də neft almır və gələcəkdə də almaq fikri yoxdur.  Və bu o zaman baş verir ki, Azərbaycan hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük siyasi, iqtisadi və digər risklərə gedərək, fədakarlıq nümunəsi göstərərək, Avropanın enerji təhlükəsizliyin təmin edilməsində rolunu artırır. Bunu elə Avropa mənbələrinin açıqladığı statistika da sübut edir. 
Azərbaycan qazının Avropada artan rolu. “TAP AG” boru kəməri şirkətinin idarəedici direktoru Luka Şippati bu həftə bəyan edib ki, “TAP artıq İtaliyanı yeni marşrutla alternativ qaz mənbəyi ilə təmin edir və ölkənin tələbatının 14%-dən çoxunu ödəyir ki, bu da ötən il İtaliya bazarına tədarüklərlə müqayisədə 60%-dən çox artım deməkdir”.

Şippati əlavə edib ki, 2022-ci ildə Azərbaycan qazının TAP qaz kəməri ilə Avropaya nəqli 11 milyard kubmetrdən çox qiymətləndirilir. Azərbaycan hökumətinin son proqnozları isə bu göstəricinin 11,5 milyard kubmetr olacağını göstərir.  Yəni Avropa bazarında satılan Azərbaycan qazı ümumən 41%-dək arta bilər. 

Fransa-Azərbaycan enerji əlaqələri. Elə isə Makronun qarnını ağrısı nədir ki, Azərbaycan qazını alan ölkələrə və bu qaz həcmlərini artırmaq üçün rəsmi Bakı ilə danışıqlar aparan Avropa ölkələrinin nümayəndələrinə rişxənd edir?

Makronun yadına gərək Fransa-Azərbaycan enerji əlaqələrinə dair bir sıra məqamları salaq ki, bundan sonra nə danışdığının fərqinə varsın. 

Hələ ötən əsrin 90-cı illərinin ortasından başlayaraq Azərbaycanın neft-qaz layihələrinə Fransanın Total, Elf Atiken, GDF Suez şirkətləri qoşulub. Onlar həm kəşfiyyatda, həm də hasilat layihələrinin iştirakçıları olub.

Fransanın xidmət şirkətləri həmçinin Azərbaycanın neft-qaz sənayesindən yetərincə qazanc da əldə ediblər. Sonradan Azərbaycanda lövbər salmış ən iri enerji şirkəti Total oldu. Hansı ki, 2016-cı ildə Bakıda özünün fəaliyyətə başlamasının 20 illiyini qeyd edirdi.

Və bu yubiley münasibəti ilə də Azərbaycan Dövlət Neft Şirkəti ilə 21 noyabr 2016-cı il il tarixində “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalamışdı.

Və Azərbaycanın siyasi rəhbərliyindən, istərsə də ölkənin neft-qaz siyasətinin həyata keçirilməsində dövlətin maraqlarını ifadə edən SOCAR tərəfindən hazırda “TotalEnergies” adlanan şirkətə daim diqqət və qayğı göstərilib.
Təkcə bir faktı deyim: 2016-cı ildən bu yana Fransanın 1 N-li neft-qaz şirkətinin nümayəndələri Azərbaycan prezidenti tərəfindən 7 dəfə qəbul edilib.  Ona görə ki, Şahdənizdən sonra Azərbaycanın ən böyük qaz yatağı olan “Abşeron” həm artan daxili tələbatın ödənilməsində, həm də xarici bazarlara Azərbaycanın çıxartmaq istədiyi əlavə qaz həcmlərinin əsasını təşkil edən resursdur.

Bəs əvəzində nə baş verir?  İndi bir sıra faktlar açıqlayacağam ki, vəziyyəti özünüz də qiymətləndirə biləsiniz. 

Əvvəla onu qeyd edim ki, “Abşeron” layihəsi üzrə Hasilatın Pay Bölgüsü sazişi  27 fevral 2009-cu ildə imzalanıb. 2011-ci ilin sentyabrın əvvəlində isə ilk kəşfiyyat quyusu ilə Xəzərin 500 metrdən çox dərinliyində yeni qaz-kondensat yatağının açıldığı baş verib. Yataq açılandan sonra aradan 11 ildən çox bir vaxt keçib və hələ də ilk qaz hasil edilməyib. Bilirsiniz niyə?

Deyə bilərsiniz ki, Fransanın 2020-ci ildə Azərbaycanın üç onillik işğal altında qalan torpaqlarını azad edib rəsmi Bakının idarəçiliyinə keçməsindən sonra bizə olan münasibəti görünür “Total” şirkətinin də əlini-qolunu çox soyudub.

Əslində isə Fransa şirkəti yataq açılandan sonra Azərbaycan tərəfi ilə layihənin necə işlənəcəyinə dair uzun-uzadı mübahihəsələrə baş vurub. Halbuki buna ehtiyac da yox idi, çünki SOCAR-ın gətirdiyi məntiqi dəlillər inandırıcı və kommersiya risklərinin minimuma enditrilməsi baxımından tutarlı idi. “Total” isə qaz vurub qazan doldurmaq prinsipini göz altına almışdı.
Mübahisə predmeti isə ondan ibarət idi ki, Fransa şirkəti “Abşeron” yatağının ilk mərhələsində çıxarılacaq qazın Azərbaycanın daxili bazarında nisbətən ucuz satılmasına heç meylli deyildi, onunku Avropa bazarına uyğun qiymətlər idi. 

Soruşa bilərsiniz ki, bəs necə oldu sonda kommersiya sazişini imzaladı? Siz tarixə fikir verin – düz 5 il bir layihənin şərtləri üzərində mübahisə edən şirkət 2016-da ona necə deyərlər can-başla qolunu qoymaq qərarına gəlir. Niyəsi isə ondan qaynaqlanırdı ki, dünya bazarlarında həmin il neft 30 dollardan ucuz qiymətə ticarət edilməyə başladı və təbii ki, qaz qiymətləri də beynəlxalq bazarlarda kifayət qədər ucuzlaşdı.

Vəziyyətin dumanlı olduğunu görən “Total” Azərbaycan tərəfinin təkliflərinə razılığını verdi. Bu təkliflər isə həqiqətən cəlbedici idi.   

Çünki çıxardığı qazı faktiki olaraq quyu ağzındaca SOCAR-a fiksasiya edilmiş qiymətə satacaq. Avropada istər qazın qiyməti hətta 10 dollara düşdüyü halda belə, o öz qazına “Abşeronun” ilkin mərhələsi üçün nəzərdə tutulan kapital qoyuluşunu çıxartmaq və müəyyən mənfəətə nail olmaq şərtlərinə əməl olunması ilə gəlir əldə edəcək. Yəni yatırımları tam sığortalanıb. İkinci bir tərəfdən onun gəliri təkcə qazla məhdudlaşmır axı? Hasil ediləcək kondensat həcmləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə qlobal bazara çıxarılacaq və dünya qiymətləri ilə satılacaq. Təbii ki, bundan “Total” da mənfəəti olacaq. 

Və bundan Pransa prezidentinin guya xəbəri yoxdur! Və hətta bilmir ki, onun ölkəsini təmsil edən şirkət Bakı-Tiflis-Ceyhan boru kəmərinin 5% səhmlərinə sahib kimi illik milyonlarla divident də əldə edir. Təbii ki, hər şeyi Yelisey Sarayında gözəl bilirlər, amma özlərini o yerə qoymaq istəmirlər. 

Fransız şirkəti “Abşeron”dan ilk qazı yubadır. İndi keçək o sualın cavbına ki, axı nədən ilk qazın çıxarılması bu qədər yubanır? Bunun obyektiv səbəbləri varmı?

Demək, 2016-cı ildə imzalanan sazişin kommersiya şərtlərinə görə, ilk qaz 2019-cu ilin 3-4 rüblərində hasil edilməliydi. Amma “Total” hüquqi müstəvidə verdiyi vədə əməl etmədi. Çünki bir qədər keçəndən sonra dünya bazarlarında enerji daşıyıcılarının qiyməti yenidən artmağa başladı və Fransa şirkətinin qarın ağrısı da bundan sonra başladı. Müxtəlif səviyyələrdə uxarılara elçi göndərib kommersiya şərtlərinin ağır olduğunu bəyan edir, kommersiya şərtlərinin yumşaldılmasına çalışırdı. 

İndi Sizə aydın oldu nədən Bakıda, Parisdə, Davosda Fransa şirkətinin rəhbərliyi Azərbaycan prezidenti ilə görüşlərə can atırdı. Amma ona başa salındı ki, Azərbaycan nadir ölkələrdən biridir ki, hələ indiyə qədər imzaladığı neft və qaz sazişlərinin bircə maddəsini belə dəyişməyib.

Yəni verdiyi sözə daim əməl edib. Verdiyi söz də imzası kimi keçərli olub həmişə. Bunun Azərbaycan üçün prinsipial məsələ olduğunu dərk edəndən sonra “Total” işə başlayır və zaman keçdiyindən ilk hasilatın vaxtı 2021-ci ilə qədər uzadılır. Amma buna da əməl olunmur.

13 yanvar 2021-ci ildə “Totalenergies” şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilmə mərasimində birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində ilk qazın hasilatına başlanılmasının 2022-ci ildə əsas hədəf kimi qeyd olunduğu vurğulanır. 

Nəhayət, sonuncu dəfə 2021-ci ilin dekabrın əvvəlində prezident İlham Əliyevin qəbulunda olarkən “Totalenergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillac Azərbaycan rəhbərliyini əmin etdi ki, təqribən 1 ildən sonra “Abşeron” yatağından ilk qaz hasil ediləcək.  Bu ilin artıq 4-cü rübüdür, amma ilk qazın anonsu edilməyib və son məlumatlara görə,  hasilat tarixi 2023-cü ildə baş tutmalıdır, daha bilmirəm əvvəlində ya axırında.   
Nəzərə alsaq ki, ilk qazı “Şahdənizdən” 7 ilə çıxartmaq üçün BP şirkətinə hər şeyi sıfırdan yaratmaq lazım olmuşdu. “Total” üçün isə bunu reallaşdırmağa nə sahildə terminal tikmək gərək deyildi, nə mürəkkəb sualtı birləşmələr və həmçinin bahalı rexnoloji platforma yaratmağa ehtiyac yox idi. Sadəcə lazımi investisiya qoymaq və işləmək lazım idi. Çünki platformada hasil etdiyi qazı “Neft Daşları” yatağında SOCAR öz qaz nəql sisteminə qəbul edəcəkdi. 

İndi sual edirəm: Sizcə “Total”ın Azərbaycana olan münasibətini necə qiymətləndirmək olar?

Bəli istərdik ki, “Qarabağ Azərbaycandır” desin bu tanınmış fransız şirkəti. Ancaq özünün özəlliyini ön plana çəkərək demədi və neytral mövqedə qaldı. BP şirkətinin də Britaniya hökumətinə və dövlətinə nə vertikal, nə də horizontal tellərlə bağlılığı yoxdur. 1992-ci ildən Azərbaycanda olan, burada biznesini genişləndirən və nəhayət, dünyaya özünün qaz seqmentini “Şahdəniz” yatağını açmaqla gəlmiş şirkət 2020-ci ilin sentyabrın o qanlı-qadalı günlərinin əvvəlindən “BİZİM YANIMIZDA” olduğunu bəyan eləməkdən çəkinməmişdi. Fərq bax bundadır.  

Qaz bazarını dəyişəcək təklif. Bu həftə Moskvada keçirilən “Rusiya enerji həftəsi”ndə səsləndirilən bir xeyli fikirlərin dünya qaz bazarının yaxın və orta perspektivdəki gələcəyinə təsirləri vardı. Azərbaycan isə artıq bu bazarın aktiv oyunçularından birinə çevrilir, ona görə də bizim üçün də birbaşa təsirləri var o məsələlərin. 

Beləliklə, “Rusiya enerji həftəsin”in əsas məqamı prezident Putinin çıxışı üzərində qurulmuşdu və onun çıxışnda ən diqqət çəkən və gözlənilməz təklif Türkiyə vasitəsi ilə Rusiya qazının dünya bazarlarına çıxmaq şanslarının genişlənməsi ilə bağlı idi. 

Bu təklif o qədər maraqlı idi ki, onun əks-sədası hətta bir gün sonra Rusiya və Türkiyə prezidentlərinin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirdikləri görüşdə də gəldi. 

Rusiya Türkiyədə qaz qovşağı qurmaq istəyini açıqlayıb. “Türkiyədə qaz qovşağı yaradılarsa, qazın qiymətinin müəyyən edilməsi, eləcə də Avropa ölkələrinə tədarük üçün platformaya çevrilə bilər”, deyə Vladimir Putin bəyan edib.

Təsəvvür edə bildiniz Rusiya prezidentinin ideya kimi verdiyi məsələ reallaşsa, qaz bazarında nələrə yaşanar? Azərbaycan qazının qiyməti nə olar? Hələ çox çətindir təsəvvür etmək. 

Amma Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz təşəbbüslə bağlı deyib ki, "Biz bu təklifi ilk dəfə eşitdik, indidən danışmaq tezdir. Bəzi hüquqi, ticarət-iqtisadi, texniki məsələləri müzakirə etməliyik”.

Yəni rəsmi Ankara bu addımı ilə Rusiya və Qərb arasında manevr imkanları qazanır və illərdir arzusunda olduğu Avropaya gedən “qaz AÇARINA” sahib olmaq şanslarının nə qədər gerçək olacağını maraqlı tərəflərin diqqətinə çatdırmaq istəyir.

Amma reallıq bundadır ki, 2022-ci ilin proqnozlarına görə, Türkiyə üzərindən Avropaya axan qaz həcmləri 25 milyard kubmetri ötəcək. Bunun 14 milyard kubmetri Rusiya qazının payına, 11 milyard kubmetrdən artığı isə Azərbaycanın payına düşəcək.
Amma yaxın bir neçə ildən sonra Azərbaycan qazı Rusiya mavi qazından daha üstün mövqelərdə olacaq, çünki bu həcmlərin 20 milyard kubmetrə qədər artımı üçün Avropa Komissiyası və Azərbaycan artıq razılığa gəliblər. Rusiya qazından isə Avropa 2025-ci ilədək imtina etmək niyyətindədir. 

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin