Şənbə günü, Moskva vaxtı ilə səhər saat 6 radələrində Rusiyanın Krasnodar diyarından Krıma aparan Kerç körpüsündə partlayış baş verib. Nəticədə yolun bir hissəsi dağılıb, yanğın başlayıb, avtomobil körpüsü və dəmir yolu relsləri zədələnib.
Bizim.Media xəbər verir ki, BBC-nin Rus xidməti partlayışla bağlı ekspert versiyalarını toplayıb.
Nəşrin materialını bəzi ixtisarlarla təqdim edirik.
Britaniya ordusunda partlayıcı maddələr üzrə istefada olan baş ekspertin (ad və soyad göstərilməyib) fikrincə, Kerç körpüsünün partladılması “məxfi təxribatın şah əsəri” idi.
“Yolda aşkar partlayıcı zədənin olmaması onu göstərir ki, heç bir təyyarə silahından istifadə olunmayıb”. O, BBC müxbiri ilə söhbətində belə deyib.
Ekspert partlayışın körpünün üstündə həyata keçirildiyini əminliklə bildirib.
O vurğulayıb ki, avtomobil körpüsündə və dəmiryol relslərində partlayışlar şifrəli radio komandanın köməyi ilə baş verib.
Avstraliya ordusunun istefada olan generalı Mick Ryan deyir ki, belə bir körpünü dağıtmaq üçün çoxlu partlayıcı lazımdır. Bir neçə nəfər təkbaşına bu qədər yükü daşıya bilməzdi. Ekspert qeyd edir ki, bu, həm də yaxşı düşünülmüş partlayış planını tələb edirdi, çünki dəmir-beton körpülər çox dayanıqlıdır.
BBC xatırladır ki, körpüdə ciddi təhlükəsizlik sistemi mövcuddur. Krım körpüsünə daxil olan istənilən yük maşınında partlayıcı maddənin olub-olmaması yoxlanılır. Bunun üçün ST-6035 stasionar yoxlama kompleksləri var.
Yoxlama Rusiya Nəqliyyat Nazirliyinin Təhlükəsizlik Departamenti tərəfindən həyata keçirilir.
Nəşrin məlumatına görə, 2022-ci ildə federal strukturlar körpünün təhlükəsizliyini təmin etmək üçün 2 milyard rubldan çox məbləğdə dövlət müqavilələri imzalayıb.
Rusiya, həmçinin körpünü qurudan, dənizdən və havadan qoruyur. Qara dəniz donanmasının xüsusi təyinatlı hissələri, o cümlədən sualtı qayıqlar gecə-gündüz növbə çəkir. Ancaq məlum olub ki, bbelə səviyyəli qorunma sistemi yetərli olmayıb. Rusiya Milli Antiterror Komitəsinin ilkin qənaətinə görə, yola düşən yük maşını Rusiya ərazisindən gəlib.
Ryan hesab edir ki, körpüyə hücum Krımı geri almaq planının bir hissəsidir. Ya da Rusiya hərbçilərinin diqqətini Ukraynanın digər işğal olunmuş bölgələrindən yayındırmaq cəhdidir.
İlhaq edilmiş Sevastopolun Moskva tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev bildirib ki, yarımadaya ərzaq Rusiya tərəfindən ələ keçirilən ərazilər vasitəsilə çatdırılacaq.
“Körpünün partladılması həm də dünyaya nümayiş etdirir ki, Rusiya ordusu yeni ələ keçirilən heç bir bölgəyə nəzarət etmək iqtidarında deyil”, Ryan bildirib.
London Kral Kollecinin hərbi elmlər üzrə keçmiş professoru Lourens Fridman proqnozlaşdırır ki, Krım körpüsü Rusiyanın hərbi logistikasının mühüm hissəsi olduğu üçün Rusiya ordusu indi “böyük problemlə üzləşəcək”.
"Rusların hələ də Ukraynada olan, yaxşı silahlanmış və döyüşməyə hazır olan əsgərləri olsa belə, onları təchizatsız dəstəkləyə bilməyəcəklər", - Fridman BBC-yə müsahibəsində deyib.
“Ümumiyyətlə, körpünün partladılmasının məqsədi Rusiyanın Krımı müharibə üçün start meydançası kimi istifadə etmək qabiliyyətini sarsıtmaqdır”, BBC müxbiri Pol Adams qeyd edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:41 / 09.10.2022
Ekspertlərdən Krım körpüsü haqda: "Gizli təxribatın şah əsəri"
Hazırda oxunan: Ekspertlərdən Krım körpüsü haqda: "Gizli təxribatın şah əsəri"
Hazırda oxunan: Ekspertlərdən Krım körpüsü haqda: "Gizli təxribatın şah əsəri"
98237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.