Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası keçirilib. Yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən xəbərə görə, aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiya təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib.
Türkiyəli siyasətçilər Azərbaycan-Türkiyə qardaşlığını vurğulayaraq hər zaman Azərbaycanın yanında olduqlarını qeyd ediblər.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!” “Uşaq ölümünə son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” və s. kimi şüarlar səsləndirilib.
Dərnəyin üzvü Lamiyə Novruzovanın ifasında Azərbaycanın “Sarı gəlin” xalq mahnısı səsləndirilib. Daha sonra aksiya 100-dən çox avtomobilin iştirakı ilə “Dostluq” parkından başlayan avtoyürüşlə davam edib.
Bizim.Media