Cənubi Qafqazda TOQQUŞAN MARAQLAR – ABŞ və Fransa Rusiyanın yerinə keçir?

Hazırda oxunan: Cənubi Qafqazda TOQQUŞAN MARAQLAR – ABŞ və Fransa Rusiyanın yerinə keçir?

96478

Son dövrlərdə ABŞ və Fransanın Cənubi Qafqazda gedən proseslərdə aktiv olaraq iştirak etmək niyyətləri özünü daha aydın büruzə verir. İstər Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşlərin təşkil olunması, istərsə də ABŞ və Fransa rəsmilərinin bu yöndə açıqlamaları diqqət çəkir.

Digər tərəfdən Rusiyanın Ukrayna məsələsində əlinin zəifləməsi sözügedən güclərin Cənubi Qafqazda təsir imkanlarının artması ilə bağlı ehtimalları gündəmə gətirir.

Bəs, ABŞ və Fransanın regionumuzda Rusiyanın yerini doldurması gözlənilirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Fransa XİN rəsmisinin regiona səfəri Minsk Qrupu ilə bağlı deyil


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadə qeyd edib ki, ABŞ və Fransanın regionda əllərinin güclənməsi onların özlərindən asılıdır:

“Əslində, onların post-münaqişə dönəmində regionda gedən proseslərdə yer almaq niyyəti aydındır. Lakin bunu, yalnız Ermənistanyönümlü mövqe sərgiləməklə reallaşdırmaq mümkün olmayacaq. Bu, yalnız balanslı siyasət nəticəsində mümkün ola bilər. Amma təəssüflər olsun ki, bu ölkələrin bəzi diplomatları sanki nüfuzlu erməni lobbisinin sifarişlərini yerinə yetirirlər. Belə olan halda, nə ABŞ, nə də Fransa regionda nüfuzunu artıra bilər.

Digər tərəfdən son olaylar onu göstərir ki, ABŞ-ın xarici siyasətini tənzimləyən əsas fiqurlar Azərbaycanın maraq və istəklərinin olduğunu, yəni, regionda proseslərin post münaqişə məntiqi ilə getməsinin zəruriliyini anlayırlar. Ona görə də Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi və Ermənistan Təhlükəsizlik Şurasının katibinin görüşünü təşkil etdi. Düşünürəm ki, bu, ABŞ-ın siyasəti üçün vacibdir. Belə ki, ilk dəfə ABŞ Minsk qrupundan kənar, vasitəçi qismində hərəkət edir. Bu isə Azərbaycanın lehinədir”.

İlqar Vəlizadə sözlərinə görə, ABŞ-ın bu addımı Vaşinqtonun artıq Minsk qrupunun vasitə ola bilməyəcəyini anlamağa başladığının göstəricisidir:

“Biz ABŞ-ın vasitəçiliyindən imtina edə bilmərik. Əgər Ağ Evin vasitəçiliyi Minsk qrupundan kənar və post-münaqişə reallıqlarına uyğun olacaqsa, niyə də olmasın? Biz Amerikanın bu yöndə səylərini dəstəkləyə bilərik.

Son proseslər də onu göstərir ki, Azərbaycan heç də anti-Amerika və anti-Fransa mövqeyində dayanmır. Əksinə, bu ölkələrin bəzi siyasi dairələri anti-Azərbaycan mövqeyindən çıxış edir və bu da həmin ölkələrin maraqlarına zərbə vurur.
Ona görə də, əgər onlar praqmatik dəst-xətt tutsalar həm regionda öz maraqlarını təmin edə bilərlər, həm də bölgədə böyük güclərin balansı yaranar. Biz isə bunu yalnız dəstəkləyə bilərik”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin