ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Oklahomanın Milli Qvardiyası ilə Azərbaycan Ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə bəyannamə imzalayıb.
Bizim.Media xəbər verir ki, bəyannamədə Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etməsi, Amerika Birləşmiş Ştatları və Oklahoma ştatı ilə əməkdaşlığın genişlənməsi qeyd olunur.
Sənəddə tərəfdaşlığın artması, Oklahoma ştatının və Azərbaycanın regional təhlükəsizliyə üstünlük verməklə yanaşı, bilik və mədəniyyət mübadiləsini, enerji sənayesini genişləndirməyə davam etməsi vurğulanır. Qeyd olunur ki, bu tərəfdaşlığın uzun müddətli olması hər iki tərəfin daha təhlükəsiz və güclü gələcəyə sadiqliyini nümayiş etdirir.
Xatırladaq ki, daha əvvəl Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib, Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.
Bizim.Media