Yaponlar Tərtərdə erməni vəhşiliyinin şahidi oldu - FOTO

Hazırda oxunan: Yaponlar Tərtərdə erməni vəhşiliyinin şahidi oldu - FOTO

92362

Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib.

Səfər çərçivəsində o, 44 günlük Vətən Müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaponiyalı qonaq rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib.

Rayon rəhbəri ona Vətən Müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. 

İcra başçısı qonağın diqqətinə çatdırıb ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə Ermənistan ordusu tərəfindən 16277 artilleriya və reaktiv artilleriya mərmisi və 21 qadağan olunmuş raket atılıb.

Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib. 16 dinc sakin həlak olub.

Qonaq Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyinə və onun əvəzinə inşa olunmuş yeni evdə yaradılan şəraitlə də tanış olub.

O, həmçinin ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostendlərə baxıb.
Sonra isə müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi ilə də tanış olub.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin