“Aleksandr Dugini 2003-cü ildən bu yana tanıyıram. Darya Duqinanı da uşaqlığından bu yana tanıyıram və dostum idi. Darya Türkiyə, Azərbaycan, Rusiya münasibətlərində xüsusi bir rol oynayırdı. Önəmli bir Türkiyə və Azərbaycan dostu idi”.
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı türkiyəli tarixçi, Darya Duqinanın ən yaxın dostu olan Mehmet Perinçek söyləyib.
Perinçek hesab edir ki, baş verən qəzanı fərqli istiqamətlərdə şərh edənlər var ki, bununla da Türkiyə-Rusiya dostluğuna zərbə vurmaq istəyirlər.
MÖVZU İLƏ BAĞLI:
Duqin: “Hədəf mən yox, qızım olub”
“PKK ilə mübarizədə hər zaman ölkəmizi dəstəkləyirdi. Rusiyanın TV kanallarında bu münasibətlərdən sıx-sıx danışardı. Türkiyənin Ağ dənizdə və Suriyədə keçirdiyi əməliyyatları hər zaman yüksək qiymətləndirirdi.
Pərdə arxasında da Rusiya-Türkiyə münasibətlərinə böyük töhvələr verdi. Darya Duqina 2016-cı il aprel döyüşlərinin arxasınca Azərbaycanın işğaldan azad etdiyi ərazilərə getdi. Orada atası ilə birlikdə Azərbaycan ordusuna dəstəyini nümayiş etdirdilər.
Hətta ərazini gəzərkən atəş altında qalmışdılar. Son Qarabağ müharibəsində də önəmli rol oynayırdılar. Müharibə vaxtı Qarabağın Azərbaycana qayıtması ilə bağlı Rusiyanın əməli addımlar atmalı olduğu ilə bağlı müxtəlif işlər gördülər.
Hətta Darya Duqina müharibə vaxtı mənə bir neçə dəfə zəng etdi. Bildirirdi ki, Azərbaycan tərəfdən müharibədə jurnalist kimi iştirak etmək istəyir. Cəbhədə Rusiya və Ermənistan mediasının yaydıqlarını Azərbaycan gözü ilə də dünyaya çatdırmaq istəyirdi. Bu baxımdan deyə bilərəm ki, atası və qızı Türkiyə-Azərbaycan dostudurlar”, - deyə Perinçek əlavə edib.
Son olaraq Darya Duqina ilə vida mərasimində tabutdakı Daryanın üzünə diqqət çəkən Perinçek qeyd edir ki, hər kəs onun avtomobildə yanaraq külə dönməsini qeyd etsə də, bu, doğru deyil:
“Darya avtomobil partlayan vaxt, partlayışın təsiri ilə avtomobildən çölə sıçrayır. Maşın bir tərəfə, özü yolun bir tərəfinə düşür. O avtomobilin içərisində yanmır. Bunların əksini deyənlər sadəcə düşmənçilik edirlər.
Ona qarşı aparılan kampaniya isə bölgədə yaranmış olan dostluğa xələl gətirməyə hesablanıb. Bununla həm də Türkiyə, Azərbaycanla Rusiyanın arasını açmağa çalışanlar üçün dəstəvuzluq edirlər. Bir daha vurğulayıram ki, hazırda bölgədə Türkiyə-Rusiya-Azərbaycan dostluğu olduqca önəmlidir”, - deyə tarixçi qeyd edib.
Tehran, Bizim.Media