Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçiriblər.
Avtoyürüşə 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Londonda “Trent Park” yaxınlığından start verilib. “Alexandra Palace” adlanan ərazidə başa çatan aksiyaya Britaniyanın müxtəlif şəhərində yaşayan azərbaycanlılar, türkiyəlilər, İsrail vətəndaşları qatılıblar.
Üzərində Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avtoyürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.
Avtoyürüş iştirakçıları daha sonra “Alexandra Palace”da toplaşaraq şəhidlərin və həyatını itirən mülki vətəndaşların ruhunu bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Azərbaycanın Dövlət himni oxunub.
Mənbə: APA