"Keçdiyimiz yolda təhsil sisteminə nəzər saldıqda universitetlərin sayını 76-dan 208-ə çatdırdıq. Təbii ki, bu universitetlər 81 vilayətin hamısında mövcuddur. Təhsildəki dinamika səhiyyədə də var. Şəhər xəstəxanaları olmasaydı, biz koronovirusla mübarizə apara bilməzdik".
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 25-də “TRT Haber” telekanalının canlı yayımında gündəmi dəyərləndirərkən ifadə edib.
Türkiyənin xarici siyasətinin bütün istiqamətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərə, Qara dənizdə taxıl daşınmasına aid təhlükəsiz dəhlizin yaradılması məsələsinə, Yunanıstan tərəfinin davam edən təxribatlarına, həyata keçirilən çoxşaxəli antiterror əməliyyatlarına və s. mühüm məqamlara münasibət bildirən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, ölkədə həyata keçirilən sosial-iqtisadi proseslər, mühüm layihələr barədə də məlumat verib.
Təhsil, tələbələr üçün yaradılan şərait, səhiyyə və infrastruktur layihələri, kənd təsərrüfatı sahəsinə göstərilən dəstək, sənayedəki yeniliklər və s. məsələlərə aid sualları cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə deyib:
“2023-cü ildə keçiriləcək seçkilərdə iyirmi illik təcrübə ilə xalqın qarşısına çıxacağıq”.
Bizim.Media