Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib. Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub.
Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Aksiyada “Erməni yalanlarına son qoyun!, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Biz ədalət istəyirik!”, “İşğal beynəlxalq sülhə təhlükədir!” kimi şüarlar səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, BMT Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün komissiya təşkil etməli, dünya birliyi işğalçı ermənilərə qarşı tədbirlər görməlidir. Kütləvi tədbirdə Gəncə və Mingəçevir şəhərlərinin, cəbhə bölgəsindən uzaqda yerləşən digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması diqqətə çatdırılıb. Mülki əhaliyə qarşı törədilən terror cinayətləri pislənilib. Soydaşlarımız BMT və beynəlxalq ictimaiyyəti ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər. Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, Ermənistanın işğalçı siyasətinə etiraz plakatları qaldırılıb.