Ailəsi onun toyuna pul yığırmış.
Hindistanda 17 yaşlı qızın valideynlərinin evdə tualet tikməkdən imtina etməsi səbəbindən özünü öldürdüyü güman edilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə NDTV xəbər yayıb.
Carkhand ştatının Dumka dairəsində məktəbli qız öz təbii ehtiyaclarını yaxınlıqdakı sahələrdə yerinə yetirməkdən utanırmış və buna görə də, ailəsindən dəfələrlə evdə tualet tikməyi xahiş edib.
Lakin ailəsi kanalizasiya sisteminə pul xərcləmək əvəzinə qızın toyu üçün pul yığmaq qərarına gəlib.
Hindistan parlamentinin üzvü və Hindistan Milli Konqresi partiyasının liderlərindən biri Ciqvijaya Sinqh (Digvijaya Singh) artıq məsələyə öz münasibətini bildirib.
"Hindistan bir millət kimi ayılmalıdır, tualetin tikintisi isə prioritetdir", - deyə, siyasətçi öz Tvitter hesabında yazıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 1,1 milyarda yaxın insan heç zaman tualetdən istifadə etməyib. Hindistanda ölkə əhalisinin yarıdan çox təbii ehtiyaclarını küçədə ödəyir.































































































