Bəşər Əsəd Türkiyə ilə sərhəddə Mənbic, Tel Rifat və Ayn əl-Ərəb şəhərlərini geri qaytardı

Hazırda oxunan: Bəşər Əsəd Türkiyə ilə sərhəddə Mənbic, Tel Rifat və Ayn əl-Ərəb şəhərlərini geri qaytardı

84107

Bəşər Əsədin silahlı qüvvələri Türkiyə ilə sərhəddə təxminən on il əvvəl itirdiyi əraziləri geri qaytarıb. Bu, rəsmi Ankaranın Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı növbəti hərbi əməliyyata hazırlığı ərəfəsində baş verib.

Bizim.Media xəbər verir ki, bölgədən alınan son məlumata görə, nizami Suriya ordusunun əlavə qüvvələri Türkiyə ordusunun PKK yaraqlılarından tamamilə təmizləməyi planlaşdırdığı Mənbic, Tel Rifat və Ayn əl-Ərəb şəhərlərinə daxil olub.

Hazırda Suriyanın dövlət bayraqlarının bu şəhərlər üzərində dalğalanması təsdiqləyir ki, on il davam edən qanlı müharibədən sonra Dəməşq heç bir atəş açmadan müxalifətin ciddi nəzarəti altında olan yaşayış məntəqələri üzərində öz suverenliyini bərpa edib.

Türkiyə ilə həmsərhəd kürd bölgələrində səhər saatlarından etibarən Suriya dövlət bayraqları qaldırılıb.

Türkiyə mənbələrinin məlumatına görə, Türkiyənin Şanlıurfa vilayətinin Suru rayonu ilə üzbəüz yerləşən Ayn əl-Ərəb şəhəri və PKK/YPG qüvvələrinin mövqeləri üzərində də Suriya bayraqları qaldırılıb.

Suriya ordusunun əsgərləri və ağır texnikası hava zərbələrindən qorunmaq üçün beton müşahidə qüllələri, sığınacaqlar və yeraltı tunellərin inşa edildiyi Ayn əl-Ərəb ətrafındakı yüksəkliklərdə PKK/YPG döyüşçülərinin yanında mövqe tutub.

Türkiyə Silahlı Qüvvələri təmas xətti boyunca döyüşə hazır vəziyyətə gətirilib. Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Qrupu bildirir ki, Bəşər Əsəd qüvvələri Tel Tamer bölgəsində əlavə birliklər cəmləşdirir.

Qeyd edək ki, əsasən kürd PKK/YPG yaraqlılarından ibarət Suriya Demokratik Qüvvələri təşkilatının rəhbərləri Rusiyanın vasitəçiliyi ilə apardıqları danışıqlarda Bəşər Əsəd rejiminin qoşunlarının Suriyanın şimalında - Türkiyə ilə dövlət sərhədində yerləşdirilməsinə razılaşıblar. 

Belə ki, Ankaranın Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq üçün yeni hərbi əməliyyata başlaması ilə bağlı bəyanatı bu bölgədə bütün kartları qarışdırıb və kəskin münaqişə vəziyyəti yaradıb. Hazırda Bəşər Əsədin bölmələri Türkiyə ordusunun, eləcə də Ankaranın dəstəklədiyi “Suriya Milli Ordusu”nun hədəfində olan yaşayış məntəqələrində yerləşdirilib.

Bundan əlavə, Rusiya, İran və ABŞ da bölgədəki hərbi varlığını artırıb. Bu isə o deməkdir ki, Türkiyə elan etdiyi hərbi əməliyyatlara başlayarsa, o zaman gələcəkdə Suriyanın nizami ordusu ilə birbaşa üz-üzə gələ bilər. Bundan əlavə, Ankara Rusiya, Amerika və İran qoşunları ilə də toqquşma riski daşıyır.

Suriyanın şimalında hadisələrin bundan sonrakı gedişi yəqin ki, Rusiya, Türkiyə və İran prezidentləri arasında sabah Tehranda keçiriləcək danışıqların nəticəsindən asılı olacaq.
Artıq xəbər verildiyi kimi, bu danışıqların gündəminin əsas mövzusu Suriyadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin