Bizim.Media "Reuters" xəbər agentliyinə istinadən məlumat verir ki, Tramp hakimiyyətinin son günlərində Yəməndəki "Husi" qiyamçılarını terror təşkilatı kimi tanıyacaq.
MÖVZU İLƏ BAĞLI:
"The Wall Street Journal": ABŞ Konqresi Trampın impiçmentinə meyllidir
Agentlik bu barədə dünən ABŞ Dövlət katibi Mayk Pompeonun açıqlamasına istinadən məlumat verib.
Hazırda birbaşa İran tərəfindən dəstəklənən “Husi” qiyamçıları Yəmənin böyük hissələrinə nəzarət edirlər. Son illərdə ciddi silah yardımı almaları da “Husilərin” öz mövqelərini gücləndirməsinə səbəb olub.
Belə gedərsə, yaxın müddətdə Yəmənin tamamına nəzarət edəcəkləri bildirilir.
Yeni ABŞ prezidenti Co Bayden hakimiyyəti dövründə İranla münasibətlərin tənzimlənməsi və Yaxın Şərqdə sülhün bərpa olunması istiqamətində daha çox dialoqa əsaslanan işlərin görüləcəyi proqnozlaşdırılır.
Baydenin Yəməndəki “Husi” qiyamçılarına qarşı koalisiyaya rəhbərlik edən Səudiyyə Ərəbistanına münasibəti də birmənalı deyil.
Səudiyyə Ərəbistanı yeni administrasiya dövründə Yəməndəki hərbi əməliyyatların təhdid altına düşəcəyindən narahatdır.
Görünən odur ki, Co Baydenin hakimiyyətə gəlməsindən əvvəl Donald Tramp İranla münasibətlərin yumşaldılması ehtimalını aradan qaldırmağa çalışır.
Donald Trampın qərarı bölgədəki vəziyyəti daha da qəlizləşdirəcək və Bayden administrasiyasının qarşısıalınmaz bəzi qərarlar verməsinə səbəb olacaq.
Analitiklərin fikrincə, bu qərarın humanitar tərəfi olduqca ağırdır. BMT-nin məlumatlarına görə, Yəmən əhalisinin 80%-i humanitar yardıma ehtiyac duyur.
Dünyanın ən böyük humanitar böhranının yaşandığı yerlərindən biri hesab olunur. Yəmənə gələn humanitar yardımlar isə “Husilər”in nəzarəti altında olan ərazilərdən ölkəyə daxil olmalıdır.
Bu qərardan sonra Yəmənə humanitar yardımların gətirilməsi daha da çətinləşəcək, onsuz da humanitar fəlakətin yaşandığı ölkəni daha da məhv edəcəyi ehtimal olunur.
İnsan hüquqları təşkilatları da bu qərarın sülh danışıqlarını təhdid edə biləcəyini və dünyanın ən böyük humanitar böhranı ilə mübarizə səylərini çətinləşdirəcəyini qeyd edirlər.
Rəvan Əliyev, Bizim.Media