Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Bizim.Media xəbər verir ki, sərginin açılışında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız iştirak ediblər.
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya açılış nitqində bildirib ki, iyun ayı ənənəvi olaraq BMT-nin okeanlar və su hövzələrinin qorunmasına həsr olunmuş konfrans və digər tədbirlərinin keçirildiyi dövrdür. Həmin ərəfədə okeanlara və dənizlərdəki ekoloji vəziyyətə incəsənətin dili ilə diqqət yönəldən sərginin təşkili xüsusi əhəmiyyət daşıyır. Dünyanın 70 faizindən çox ərazisini tutan su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirlərə məruz qalır.
O, Leyla Əliyevaya və sərgidə öz əsərləri ilə iştirak edən rəssamlara, eləcə də sərginin kuratorlarına bu cür mühüm mövzunu incəsənət vasitəsilə ictimailəşdirdiklərinə görə minnətdarlıq edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında qonaqları “Mənim dənizlərim, mənim okeanım” sərgisində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, bu sərgi incəsənət vasitəsilə diqqəti bəzi qlobal məsələlərə yönəltmək üçün fürsətdir. Çünki bədii yaradıcılıq insanların qəlbinə toxunmaq və ona səslənmək üçün ən yaxşı yollardan biridir: “IDEA-da biz ətraf mühitin qorunmasının vacibliyi mesajını çatdırmaq üçün həmişə incəsənət və bədii yaradıcılıqdan bəhrələnirik. Təşkilatımız 2011-ci ildə təbiətimizi və biomüxtəlifliyimizi qorumaq missiyası ilə yaradılmışdır. Biz insanları təhsilə, incəsənətə, musiqiyə, maarifləndirməyə və ən əsası təbiətdə daha çox zaman keçirməyə təşviq etmək istəyirik”.
Qeyd edilib ki, IDEA, həmçinin çirklənmə ilə mübarizəyə, heyvanların və dənizlərdə həssas ekosistemin qorunmasına diqqət yetirir. Çünki su bəşəriyyətin varlığı üçün vacibdir, su həyatdır. Son 50 ildə dəniz canlılarının 50 faizinin məhv olduğunu etiraf etmək çox çətindir. Bəşəriyyət çaylara, dənizlərə və okeanlara ciddi zərbə vurub: “Mən deyərdim ki, insanlar və təbiət bir-biri ilə sıx bağlıdır. Təbiəti incitsək, bununla biz ilk növbədə özümüzə zərər vermiş olarıq. Lakin mən həqiqətən inanıram ki, yoxa çıxan parçaları müsbət düşüncə ilə geri qaytara bilərik. Düşünürəm ki, insanlar nə qədər xoşbəxt olsalar, təbiətə daha çox qayğı göstərərlər. Bizi ilk növbədə, xoşbəxt edən elə təbiətin özüdür”, - deyə Leyla Əliyeva bildirib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri sərginin təşkilində iştirak edən tərəfdaşlara, kuratorlara və əsərləri sərgilənən rəssamlara minnətdarlığını bildirib.
Bizim.Media