Dünən axşamdan etibarən ABŞ-da ciddi etiraz aksiyaları başlayıb. Nəticədə ABŞ Konqres binasına (Capitol Hill) daxil olmaq istəyən etirazçılarla təhlükəsizlik qüvvələri arasında insident yaşanıb və etirazçıların bəziləri Konqres binasına daxil olub. Toqquşmalar nəticəsində 4 nəfər mülki şəxsin həlak olduğu, 30-a yaxın etirazçının isə həbs olunduğu bildirilir.
Etirazların əsas səbəbi isə Donald Trampın 3 noyabrdakı ABŞ seçkilərində qanunsuzluğa yol verildiyini elan etməsi olub.
Xatırladaq ki, 3 noyabrda keçirilən prezident seçkilərində qalib gəlmiş Demokrat partiyanın namizədi Co Baydenin bu il yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən sonra rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayacağı gözlənilir. Lakin inauqurasiya mərasimi yaxınlaşdıqca seçkilərin nəticələrini qəbul etməyən Donald Trampın tərəfdarları daha da fəallaşmağa başlayıblar. Hazırda Donald Tramp seçkilərdə açıq saxtakarlığa yol verildiyini və səslərin düzgün hesablanmadığını əsas gətirərək nəticələri tanımaqdan imtina edir.
ABŞ tarixində bu dərəcədə ciddi səs küyə səbəb olan nadir hadisələrdən olmasına baxmayaraq Donald Tramp tərəfdarlarının etirazları ABŞ-dakı bəzi maraqlı məqamlardan xəbər verir.
İlk olaraq onu qeyd etmək lazımdır ki, Donald Tramp 2016-cı ildə keçirilən prezident seçikilərində ABŞ əhalisinin müəyyən kəsiminin ciddi dəstəyi ilə qalib gəlib. Tramp dəstəkləyən kütləni ABŞ-ın cənub ştatlarında yaşayan, mühafizəkar yönümlü ağdərili amerikanlar təşkil edirdi. Bu kəsim içərisində ciddi nüfuza malik olan yevangelist dini icmaların da rolu çox böyük idi. Növbəti 4 il ərzində Donald Trampın həyata keçirdiyi tədbirlər və verdiyi qərarlar da məhz bu kəsimin maraqlarını müdafiə edirdi. “America Great Again” şuarı məhz orta və iri sahibkarlardan ibarət olan bu kəsim üçün olduqca maraqlı idi.
Trampın seçki öncəsi verdiyi vədlərdə də əvvəlki Obama dönəmində bu kəsim tərəfindən xoş qarşılanmayan və onları daha çox xərcə salan məsələlərə fokuslanırdı. Obama ABŞ-da ilk dəfə tibbi sığortanın yaradılması təklif ilə çıxış etdi ki, bu da orta və iri sahibkarları razı salmırdı.
Çünki tibbi sığorta üçün nəzərdə tutulan maliyyə fondlarında orta və iri sahibkarların vergi ödənişlərinin payı daha çox idi. Eyni məntiq ABŞ-ın xaricdəki hərbi əməliyyatlar üçün xərclədiyi pullar üçün də keçərli idi.
Orta və iri sahibkarlar vergi pullarının Suriyada hansısa qrupların silahlandırılması əvəzinə sahibkarın vəziyyətinin yaxşılaşdırılmasına və miqrant probleminin həllinə yönəldilməsini tələb edirdi. Donald Tramp xaricdəki hərbi bazaların sayını azaltmaq və Yaxın Şərqdən çəkilmək strategiyasında məhz bu amili nəzərə alır, orta və iri sahibkarların dili ilə danışırdı.
Donald Trampı dəstəkləyən kəsimin ideoloji kimliyini başa düşmək üçün bu gün ABŞ Konqresinin önündə dalağalanan bayraqlara baxmaq kifayətdir. Konfedrasiya və ilk ABŞ bayraqları mühafizəkar, qatı yeveangelist xristian və xaricilər qarşı irqçi münasibət bəsləyən kəsimin atributlarıdır. Bu gün Trampın dəstəkçiləri kimi çıxış edən kütlə ABŞ sosial sferasında çox ciddi çəkiyə malikdir.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da baş verənlər - VIDEO İCMAL
Burada Tramp amili o qədər də ciddi bir məsələ deyil. Trampın əvəzinə eyni maraqları müdafiə edən Mayk Pompeo belə olsaydı, kütlə yenə meydanlara çıxacaqdı. Etirazlar daha çox ABŞ-dakı adı çəkilən kəsimin öz maraqları üçün meydana çıxmasıdır. Əgər seçkidəki saxtakarlıq və ya başqa bir məsələ önəmli olsaydı etirazlar elə 3 noyabrdan etibarən baş verərdi. Xüsusilə inauqurasiya mərasiminə az vaxt qalmış bu miqyasda etirazların baş verməsi isə yeni prezident Co Bayden administrasiyasına verilən mesajdır.
Co Bayden hökümətin təşkil olunmasında hindu, latın amerikası və afro-amerikan əsilli şəxslərə yer verməklə ilklərə imza atıb. Bu isə mühafizəkar ağdərili amerikalılar üçün heç də xoşagələn bir şey deyil.
Trampın hakimiyyətinin sona çatması ABŞ-da ciddi nüfuza malik bu mühafizəkar ağdərili kütlənin maraqlarının təmin olunmasını sual altında qoyub və neqativ düşüncələr formalaşdırıb. Co Baydenin ən azı indiyədək atmış olduğu addımlar da bu düşüncəni daha da gücləndirilməsinə xidmət edib.
Bu gün ABŞ-da baş verənlər isə məhz mühafizəkar kəsimin Co Bayden hakimiyyətinə qarşı öz maraqlarını müdafiə etməsi kimi başa düşülməlidir. Donald Tramp isə bu kəsim üçün onların maraqlarını təmin edən və onların dilində danışan prezident idi.
İndi isə sual belədir, Co Bayden mühafizəkar amerikalıların maraqlarını necə təmin edəcək
Rəvan Əliyev, Bizim.Media