Rusiya Qərb sanksiyalarına MDB hesabına vahid cəbhə ilə cavab vermək niyyətindədir. Ən azından MDB-nin İcrayyə Komitəsinin sədri Sergey Lebedevin açıqlaması belə düşünməyə əsas verir. Belə ki, Lebedev MDB ölkələrinin iqtisadi çağırışlara vahid cəbhə ilə cavab verməyə hazırlaşdığını bəyan edib. Onun sözlərinə görə, bu istiqamətdə işçi qrupunun təklifləri yekunlaşmaq üzrədir. Hansı ki, son olaraq sənədə iyunun 10-da MDB İqtisadi Şurasının Qazaxıstanda olacaq iclasında baxılacaq.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Rusiyaya görə, MDB ölkələrinin hamısının vahid iqtisadi cəbhədə birləşməsi mümkün deyil:
MÖVZU İLƏ BAĞLI:
MDB-nin İcraiyyə Komitəsi Qərbə səsləndi: “Vahid cəbhə ilə cavab verəcəyik”
“Belə bir addımın atılmasına ehtiyac yoxdur. MDB üzvü olan Azərbyacanın xarici ticarətinin az qala 80 faizi Qərblədir. Ona görə də ölkəmizin sözügedən məsələdə hansısa bir formada iştirakına ehtiyac yoxdur. MDB-nin bir sıra digər ölkələri də buna bənzər fikirdədir. Məsələn, Özbəkistanın da özünəməxsus yanaşması var. Bu ölkənin ticarət dövriyyəsində son illər Çin Rusiyanı xeyli qabaqlayıb. Habelə, investisiya layihələrinin maliyyələşdirilməsi sahəsində Qərb ölkələrilə müqavilələr var. Özbəkistan pambığın mühüm hissəsini də Qərbə satır.
Rusiyaya qarşı Qərbin sanksiyaları təbii ki, MDB məkanında müəyyən iqtisadi proseslərə təsir göstərir. Amma, tək Rusiyaya görə MDB ölkələrinin hamısının hansısa vahid iqtisadi cəbhədə birləşməsi, vahid cavablar hazırlaması mümkünsüzdür”.
Bu səbəbdən də, həmsöhbətimiz Kremlin bu istəyinin baş tutacağına əmin deyil:
“Hər bir ölkənin öz marağı və iqtisadi-ticari tərəfdaşları var. Bu da ümumilikdə hər bir MDB ölkəsinin özünəməxsus yol tutmasına səbəb olur. Ona görə də Moskvanın bu niyyətinin reallaşmayacağını düşünürəm.
Rusiya sadəcə bu fikri ortaya atmaqla qonşuları hesabına Qərbin sanksiyalarından müəyyən dərəcədə yan keçmək, onun təsirlərini azaltmaq üçün MDB ölkələrindən istifadə etməyi düşünür. Bu da o deməkdir ki, sözügedən ideyanın ortaya atmaqda Moskvanın əsas məqsədi sanksiyaların təsirini azaltmaqdır. Ehtiyatlı olmalıyıq. Rusiyanın bu təklifinə qoşulan ölkələrin özləri də dolayısı ilə sanksiyalara tuş gələ bilər”.
Rüfət Sultan, Bizim.Media